Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 
Təhsilimizin uğurları

Azərbaycan məktəblilərinin tarixi qələbəsi

 

Şagirdlərimiz  növbəti dəfə  təhsil ictimaiyyətini  sevindiriblər.  Dövlətimizin  istedadlı şagirdlərin aşkara çıxarılması və onlara hərtərəfli diqqət və qayğısının nəticəsidir ki,  Azərbaycan təhsilinin yetirmələrinin budəfəki  qələbə sorağı dünyanın nüfuzlu  elm, bilik yarışması hesab olunan XII Elm Olimpiadasının (İJSO) keçirildiyi Cənubi Koreyadan gəldi.   Son on bir ildə Azərbaycan məktəbliləri ilk dəfə  olaraq beynəlxalq olimpiadalarda ən yüksək uğura imza atıblar.  Dekabrın 2-10  tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən bilik  yarışmasında şagirdlərimiz  2 gümüş, 3 bürünc medal qazanmaqla 43 ölkənin iştirak etdiyi olimpiadada ölkəmizi uğurla təmsil edərək  qaliblər arasında ön  sırada olublar. Ölkəmizi təmsil edən Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Hüseyn Babayev və Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinif şagirdi Cəfər İsbarov gümüş, Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdləri Turan Bədəlli və  Emin Qayıbov, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin IX sinif şagirdi Turan Məmmədli bürünc medal qazanıb.  Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər 2004-cü ildə 1 bürünc, 2005-ci ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc, 2009-cu ildə 1 gümüş, 2 bürünc, 2010-cu ildə 2 bürünc, 2011-ci ildə 1 gümüş, 2 bürünc, 2012-ci ildə 4 bürünc, 2013-cü ildə 1 bürünc, 2014-cü ildə 1 bürünc medal  qazanıblar.  Bu il Beynəlxalq Riyaziyyat Olimpiadasının nəticələrinə görə, Azərbaycan top 50 ölkənin sırasına düşüb.  Yetirmələrimiz uzun illlik fasilədən sonra Beynəlxalq Biologiya Olimpiadasında və Asiya Fizika Olimpiadasında da bürünc medallar  qazanıblar.  Bu ilin yayında  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda keçirilmiş Beynəlxalq Kimya Olimpiadasında isə  şagirdlərimiz 2 bürünc medal əldə ediblər. Bütün bunlar dünya təhsil aləmində  ölkəmizin artan təhsil  nüfuzundan xəbər verir. 

Qalibləri oxucularımıza təqdim edirik.  

“Artıq qızıl medal qazanmaq üçün çalışacağam”

 

Turan Məmmədli  2000-ci il yanvarın 14-də Xızıda ziyalı ailəsində anadan olub. Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin IX  sinif şagirdidir.

- VIII sinifdən kimya olimpiadalarına  hazırlaşıram. 2015-ci ildə keçirilmiş respublika fənn olimpiadasında qızıl medal almışam.  Bu ilin noyabr ayında olimpiadaya  iştirakçıların seçim  imtahanı  oldu.  Komandaya seçildiyimi biləndə çox sevindim və  ciddi  surətdə olimpiadaya hazırlaşmağa başladım. Olimpiada kimya, fizika və biologiya fənlərindən idi.  Kimya olimpiadaçısı olduğumdan daha çox fizika və biologiya üzrə hazırlıq keçdim. Mən ilk dəfə  idi ki,  beynəlxalq olimpiadada iştirak edirdim.  Amma olimpiada çox yüksək səviyyədə keçirildi. İmtahanlar  3 hissədən - test, açıq tipli və praktiki hissədən ibarət idi. Doğrusu,  medal qazanacağıma inamım çox az idi.  Ona görə də medal qazandığımı biləndə çox sevindim. Həm də Vətənimi ilk qatıldığım olimpiadada yüksək səviyyədə təmsil etdiyim üçün sevincimin hədd-hüdudu yox idi.

Qazandığımız uğurda müəllimlərimizin rolu əvəzsiz idi.  Olimpiadaya seçimdən əvvəl və sonra müəllimlərimiz bizə dərslər keçir,  istiqamət verirdilər. Olimpiada zamanı da gec saatlara qədər sualları  ingilis dilindən Azərbaycan dilinə müəllimlərimiz çevirmişdi. İmtahan yoxlanıldıqdan sonra bizim yazdığımız cavabları müdafiə edən müəllimlərimiz idi.

Qarşıdan gələn olimpiadalarda  artıq qızıl medal qazanmaq üçün çalışacağam. Bundan başqa,  mən beynəlxalq kimya və Mendeleyev olimpiadalarına hazırlaşıram.  Ümid edirəm ki,  bu olimpiadalarda Vətənimi  layiqincə  təmsil edəcəyəm.

 

 


“Ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevinirəm” 

Hüseyn  Babayev 2000-ci il martın 11-də Şirvan şəhərində anadan olub. 2005-ci ildə Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam  orta məktəbin I sinfinə gedib. Hazırda Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin X sinfində oxuyur. Liseydə oxuduğu illərdən kimya elminə  böyük marağı olduğuna görə olimpiadalara hazırlaşmağa başlayıb. 2014-cü ildə Nigeriyada keçirilən Beynəlxalq Elm Olimpiadasında qızıl medala layiq görülüb.  Elə həmin ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında uğurla iştirak edib.  2015-ci ildə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə qızıl medala layiq görülüb. Bu ilin yayında Bakıda  keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında  bürünc medal qazanıb.

- Olimpiadaya seçim 2 mərhələdən ibarət idi. İmtahanları keçmək üçün hər gün 7-8 saat çalışdım və sonda milli komandaya 1-ci olaraq seçildim. Hazırlıq çox qısa və ağır idi.  Təcrübi imtahan qruplarla olduğu üçün  birlikdə işləməyi bacarmalı idik. Bunun üçün bir çox təcrübələr etdik.  Yüksək səviyyədə təşkil olunmuş olimpiadada 45-a yaxın inkişaf etmiş  ölkə iştirak edirdi.  İmtahanlar çoxseçimli test, nəzəri və praktik turlardan ibarət idi. Hər tur 3-4 saat davam edirdi.

 Ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevinirəm. Komanda rəhbərimiz və fənn müəllimlərimiz Elxan Tahirov, Rəşadət Qədiməliyev və Balaqardaş Bəşirov olimpiada ərzində bizə çox böyük dəstək göstərdilər. Növbəti olimpiadalarda qızıl medal alaraq ölkəmizin adını və bayrağının ən yüksək zirvədə olması üçün  əlimdən gələni edəcəyəm.

 


“Müəllimlərimiz öz əziyyətlərinin bəhrəsini gördülər” 

Turan Bədəlli  2000-ci il  fevralın 29-da  Sumqayıt  şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alır.  2014-cü ildə Argentinada  keçirilən gənclərin  XI Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak edib.

 - Olimpiada seçimləri 2 mərhələdən ibarət oldu. İlk mərhələdə 20 şagird seçildi və onlara 15 gün ərzində dərs keçildi. Son mərhələdə 20 şagird arasından 6 nəfərlik komanda seçildi. Kimya, biologiya  və  fizika fənlərindən bir ay ərzində dərslər  keçildi. Hazırlıq hər gün ən az 8-9 saat çəkirdi.   Bu olimpiada mənim 2-ci beynəlxalq olimpiadam idi və mən bundan əvvəl Argentinada keçirilən gənclərin  XI Beynəlxalq Elm Olimpiadasında da çıxış etmişdim. Ancaq onu deyə bilərəm ki, Cənubi Koreyada keçirilən elm olimpiadası keçən ilkindən daha yüksək səviyyədə təşkil olunmuşdu. Burada hər ölkə özünün ən güclü 6 şagirdi ilə təmsil olunurdu. Olimpiada vasitəsilə digər ölkələrdən gələn şagirdlərlə yaxından ünsiyyət qura bilir  və  bir-birimizin mədəniyyətləri, təhsilləri barədə məlumat toplaya bilirdik.

Müəllimlərimiz Elxan Tahirov biologiya, Rəşadət Qədiməliyev fizika və Balaqardaş Bəşirov isə kimya fənnindən bir ay ərzində bizimlə məşğul oldular. Sonda isə  müəllimlərimiz öz əziyyətlərinin bəhrəsini gördülər. Mən özüm biologiya olimpiadaçısıyam və gələcək hədəfim Beynəlxalq Biologiya Olimpiadasından (İBO) vətənə medal gətirməkdir.

 


“Bu olimpiadanı səbirsizliklə gözləyirdim” 

Cəfər İsbarov  2000-ci il yanvarın 1-də Cəlilabad rayonunda anadan olub.  2006-cı ildə Cəlilabad şəhəri 8 nömrəli tam  orta məktəbdə ibtidai təhsilə başlayıb.  2012-ci ildə Lənkəran Özəl Türk liseyinə  qəbul olunub. 2013-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib.  Hazırda Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinfində oxuyur.

-  Cənubi Koreya həmişə maraqlandığım və getmək istədiyim ölkələrdən biri idi və buna görə də bu olimpiadanı səbirsizliklə gözləyirdim. Ölkənin zəngin tarixi, təbiəti və insanların istiqanlığı mən də daxil olmaqla bütün iştirakçıları darıxmağa qoymadı. Olimpiadanın bizim üçün uğurlu keçməsi ümumilikdə komandanın əhvali-ruhiyyəsinə müsbət təsir göstərdi. Olimpiadanın təşkilində və keçirilməsində müəllimlərimizin  xüsusu rolu olduğunu deyə bilərəm. Müəllimlərimiz təkcə bizim hazırlığımızda yox,  eyni zamanda olimpiadada sualların müzakirəsində də fəal rol oynadılar.  Hazırda əsas məqsədim Sinqapur və ya Kanada universitetlərinin birində təhsilimi davam etdirməkdir. Eyni zamanda yayda Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşıram.

 


“Uğuruma görə müəllimlərimə təşəkkürümü bildirirəm” 

Emin  Qayıbov 2000-ci il fevralın 23-də  Bakı şəhərində  anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alır. 

- Olimpiadaya xüsusi ciddi hazırlıq mərhələsindən keçdim. Bütün yay ayları ərzində üç fəndən - kimya, fizika və biologiyadan (ingiliscə) müxtəlif kitablar oxudum. Oktyabr ayında 3 mərhələli seçim turu keçirildi və Beynəlxalq Olimpiadada iştirak etmək  hüququ qazandım.

Hər bir olimpiada kimi,  yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası  həm əyləncəli,  həm də xoş təəssüratlarla zəngin  idi.

Yüksək nəticə əldə etməyimizdə müəllimlərimizin əməyini qeyd etməliyəm. Əlbəttə ki, uğurlu nəticə üçün yalnız şagirdin zəhməti  kifayət etmir. Qazandığım nəticələrə, uğuruma  görə müəllimlərimə,   xüsusilə  fizika müəllimim Rəşadət Qədiməliyevə,  Elxan Tahirova  (biologiya),  Balaqardaş Bəşirova (kimya) təşəkkürümü bildirirəm.

Hər bir Azərbaycan gənci kimi mən də gələcəkdə Vətənimə və millətimə  layiqli vətəndaş  olmaq istəyirəm.  Gələcək təhsilimi tibb üzrə davam etdirməyi arzulayıram.

 


Medalçılar barədə müəllimləri danışır 

Rəşadət Qədiməliyev - Hər bir insan öz çalışdığı sahədə nailiyyət, uğur qazanmaq istəyir. Mən də təhsil sahəsində çalışan bir müəllim kimi bu sahədə dövlətimə layiqli vətəndaş olub, ölkəmi beynəlxalq arenada təmsil etməyi və  nailiyyət əldə etməyi çox arzulamışam.  “İstək”   liseyi olaraq bu sahədə durmadan çalışırıq. İndiyə qədər şagirdlərimiz üzümüzü ağ edib. Ancaq Cənubi Koreyada keçirilən bu olimpiada heç də asan deyildi. Çünki rəqiblərimiz Çin, Hindistan, Sinqapur, Koreya, Rusiya, Almaniya kimi təhsildə öz sözünü demiş ölkələr idi. Ümumilikdə 43 ölkənin iştirak etdiyi olimpiadada 5 medal ilə vətənə dönmək, bayrağımızı dalğalandırmaq qədər sevindirici başqa hal ola bilməz.

Hüseyn Babayev - sakitdir, ancaq çox çalışqandır. Əvvəllər bir neçə olimpiadada iştirak edib. Yəni, bu sahədə təcrübəsi var. Əslində, asanlıqla qızıl medal da qazana bilərdi. Keçən il Beynəlxalq Kimya Olimpiadasında ( Bakı) bürünc medal qazanmışdı. Hazırda builki kimya olimpiadasına hazırlaşır.

Turan Bədəlli - Biologiya olimpiadaçısıdır. Sakit, ədəbli, təvazökar bir şagirdimizdir. Keçən il Argentinada bu olimpiadada iştirak etmişdi. Bu il isə sevindirici haldır ki, əzmkarlığı nəticəsində vətənə medal ilə döndü. Hazırda Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.

Emin Qayıbov - Biologiya olimpiadaçımızdır. Hər zaman doğrunu deməyi sevən, qarşısına qoyduğu məqsəd üçün son dərəcə səylə çalışan şagirdimizdir. Koreyadan dönər-dönməz ölkəmizi təmsil etmək üçün Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.

Turan Məmmədli - Kimya olimpiadaçımızdır. Çox zəkalı və çalışqanlığı ilə müəllimlərin sevimlisinə çevrilib. Yaşının az olmasına baxmayaraq çox çalışmaqla ilk dəfə qatıldığı beynəlxalq olimpiadadan medal qazanmaq nəsib oldu. Beynəlxalq Kimya Olimpiadasına hazırlaşır. Uğurlar arzu edirəm.

Cəfər İsbarov - əzmkar, çalışqan, öyrənməyə son dərəcə həvəslidir. Müsbət davranışları ilə yoldaşları arasında hörmət qazanıb. Cəfərə ümidimiz böyük idi. Bu sahədə bizi yanıltmadı və gümüş medal qazandı. Hazırda Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov