Dekabrın
15-də Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika
Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə paytaxtın
Nəsimi rayonunda yerləşən 240 nömrəli tam orta məktəbdə
xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə
həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin
müəllim-şagird kollektivi ilə yanaşı, Tədris-Metodik
Mərkəzin əməkdaşları, yazıçılar, KİV nümayəndələri və
digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan 240 nömrəli tam orta
məktəbin direktoru Esmira Məmmədova Bəxtiyar
Vahabzadənin Azərbaycan ədəbiyyatında milli azadlıq
hərəkatının öncüllərindən olduğunu dedi. Onun Azərbaycan
ədəbiyyatında ana dili uğrunda apardığı mübarizədən
söhbət açdı.
Tədbirdə çıxış edən şair Dayandur Sevgin hələ gənc
yaşlarında böyük şairin mühazirələrini dinlədiyini və
mühazirələrdə yüzlərlə könüllü tələbələrin iştirak
etdiyini nəzərə çatdırdı. Bildirildi ki, B.Vahabzadə
yaradıcılığı boyu özünü bütöv və böyük Azərbaycanın
milli şairi kimi dərk edib və bu missiyanın daşıyıcısı
olması ilə qürur duyub. Görkəmli şair çoxşaxəli
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına
mühüm töhfələr verib, çağdaş milli şeirimizin klassiki
zirvəsinə yüksəlib.
Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığını əks
etdirən videoçarx nümayiş olunub. Şagirdlər tərəfindən
şairin şeirləri səsləndirilib. 5 nömrəli Respublika
xüsusi internat məktəbinin gözdən əlil şagirdlərinin
ifasında B.Vahabzadənin şeirlərinə bəstələnmiş mahnılar
səsləndirilib.
Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi |