Dekabrın 15-də “İş dünyası üçün bacarıqlar”
layihəsinin təqdimatı keçirilib.
Qeyd olunub ki, layihə Təhsil Nazirliyi, British
Council və “Azercell Telekom” MMC-nin birgə
təşkilatçılığı ilə ilk peşə-ixtisas təhsili sahəsində
həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə ilk
peşə-ixtisas təhsili və təliminin inkişafına töhfə
vermək, məşğulluq imkanlarının genişləndirilməsi, iş
təcrübəsi proqramının təşkil edilməsidir.
Layihənin təqdimat mərasimində Təhsil Nazirliyi,
British Council, Azercell və pilot ilk peşə-ixtisas
təhsili müəssisələrinin nümayəndələri iştirak edib.
Layihə üzrə ilk təlim 5 nömrəli Bakı Peşə
Liseyində keçirilir. Təlimdə Bakıda yerləşən müxtəlif
ilk peşə-ixtisas təhsili müəssisələrində İKT və
telekommunikasiya üzrə tədris aparan 36 müəllim iştirak
edir. İştirakçılar təlim boyu ilk peşə-ixtisas təhsili
üzrə effektiv təlim modelləri, metodikalar, sinif
mühitinin idarəedilməsi mövzuları üzrə bilik və
bacarıqlar əldə edə biləcəklər. Dərslər Birləşmiş
Krallıqdan dəvət olunmuş mütəxəssis tərəfindən dekabrın
17-dək davam edəcək.
Təlimlərin şagirdlər üçün nəzərdə tutulmuş
hissəsini Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı
icra edəcək. Bu məqsədlə təşkilat tərəfindən 500
nəfərdən çox İKT və telekommunikasiya peşə istiqaməti
üzrə təhsil alan şagirdin bacarıqları yoxlanılıb, 120
şagirdə təlimdə iştirak şansı verilib. Layihə müddətində
həmin şagirdlər karyera və iş imkanlarının axtarılması
üzrə bacarıqlara yiyələnəcək, telekommunikasiya və İKT
sahəsində istehsalat təcrübəsi keçəcəklər. Şagirdlər
üçün təlimlər 2016-cı ilin yanvar ayından etibarən start
götürəcək. |