Fikrət
YUSİFOV,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin
sədri, iqtisad elmləri doktoru, professor
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı
istiqamətində dövlətin son iki ildə atdığı mühüm
addımlar kifayət qədər müsbət nəticələrin əldə
olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran
bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı
düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz
qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi
artımla başa vurur.
Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da
yüksələcək və Azərbaycan iqtisadiyyatının bütün
sahələrindəki uğurları ilə öz şöhrətini daha da
artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət
başçısının möhkəm iradəsi və buna söykənən tarixi
çağırışları var. “Azərbaycanın gələcək iqtisadi
inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək”
deyən Prezident İlham Əliyevin Milli Elmlər
Akademiyasının 70 illik yubileyinə həsr olunmuş
mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti
mərhələdə qarşımızda duran əsas fəaliyyət
istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin
vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni
axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı.
Sözsüz, Prezident İlham Əliyevin bu çağırışlarında
həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni
əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi
inkişafından danışırıqsa, deməli, birinci növbədə
təhsilin səviyyəsini artırmağın yolları barədə
düşünməliyik. Gələcəyin alimləri indi ali təhsil
ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz
bu reallıqdan çıxış edərək Azərbaycanda təhsilin
səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı
tədbirlər həyata keçirir, bu sahədə davamlı islahatlar
aparılmasına xüsusi maraq göstərilir. Prezident İlham
Əliyevin təhsillə bağlı çıxışlarına diqqət yetirsək,
görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən
qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!
Bu istiqamətdə son illər ərzində bir çox addımlar
atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində
nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması,
müəllimlərin əməkhaqlarının, tələbə, magistr və
aspirantların təqaüdlərinin nəzərəçarpacaq dərəcədə
artırılması, yeni-yeni təhsil ocaqlarının tikilib
istifadəyə verilməsi, dünya təhsil sisteminə inteqrasiya
istiqamətində görülən işlər və s. məhz yuxarıda qeyd
etdiyimiz hədəfə hesablanmış dövlət qayğısının bariz
nümunələridir.
Son dövrlər təbii sərvətlər ətrafında dünyada
cərəyan edən hadisələr göstərir ki, Azərbaycan
Prezidentinin hələ 12 il əvvəl müəyyən etdiyi yeni
inkişaf istiqamətləri tamamilə doğrudur. Bu istiqamətlər
üzrə arzulanan nəticələrin əldə olunması üçün isə
şübhəsiz ki, birinci növbədə təhsilin səviyyəsi diqqət
mərkəzində olmalıdır.
Bəs hazırda vəziyyət necədir? Təhsil sahəsi
2015-ci ili hansı nəticələrlə başa vurur?..
Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü ildə
imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na uyğun olaraq son iki ildə təhsil
sahəsində başlanan islahatların mahiyyəti, qısa müddətdə
ölkədə təhsilin beynəlxalq standartlara uyğun
formalaşdırılmasını və onun keyfiyyətinin müasir
tələblərə cavab verə biləcək bir səviyyəyə
yüksəldilməsini nəzərdə tutur. Təkcə yola saldığımız il
ərzində ölkə başçısı təhsil sistemində aparılan
islahatları sürətləndirmək və təhsilin keyfiyyətini
artırmağa yönəlmiş 10-a qədər fərman və sərəncam
imzalayıb.
Son iki il ərzində aparılan islahatların
nəticələri də kifayət qədər diqqət çəkəndir. Hər kəsə
bəllidir ki, təhsildə ən ciddi məsələlərdən biri və
bəlkə də birincisi yüksək peşə hazırlığı olan
müəllimlərin seçilməsidir ki, bu işin də təməli başlanan
islahatlarla çox fundamental şəkildə qoyulub. Bu gün
yaxşı müəllim o müəllimdir ki, o, hər gün öz peşə
hazırlığını artırmağa və bununla da şagirdlərə və
tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada
ən öncül məsələlərdən biri isə budur ki, islahatlar belə
müəllimin əməyinin lazımınca dəyərləndirilməsini nəzərdə
tutur.
Bu yolda atılan addımlar və ilkin nəticələr artıq
ortadadır. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil
müəssisələrində çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs
yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar
2015-ci il tarixli sərəncamına əsasən diaqnostik
qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü
norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
İlkin olaraq 8965 nəfər müəllimin əməkhaqqı 500-1000
manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan
yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk
mərhələsində əldə olunan nəticələr kifayət qədər
yüksəkdir.
Bundan sonrakı mərhələdə yüksək əməkhaqqı alan
müəllim belə öz peşə hazırlığını artırmaq hesabına daha
yüksək əməkhaqqı almaq şansına malik olacaqdır. Bu
şərait mövcud müəllim heyəti arasında ciddi rəqabətin
yaranmasına gətirib çıxaracaqdır ki, bu yarışda da
yalnız yüksək bilik və peşə hazırlığına malik olan
müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik və peşə
səviyyəsi aşağı olan müəllimə etibar etmək, xəstəni
tibbi təhsili “3” qiymətə “başa vurmuş” həkimə etibar
etmək kimidir.
Təhsil sistemində aparılan islahatlar artıq ölkədə
müəllim peşəsinə marağın kifayət qədər yüksəlməsinə
səbəb olub. Faktlara nəzər salaq: Cari ildə müəllimlik
ixtisaslarını seçən abituriyentlərin orta balı artmış,
500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı
isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur.
Müşahidələrimiz göstərir ki, müəllim işləmək
istəyənlərin sayı ildən-ilə artır. Əgər iki il əvvəl
müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət
edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların
sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər
tərəfdən, islahatlara uyğun şəffaf, obyektiv və çevik
işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə
marağın artmasına bilavasitə təsir etmişdir. Bütün
bunların nəticəsidir ki, cari ildə vakant yerlərin
tutulma səviyyəsi 38 faiz artmışdır.
Apardığımız araşdırmalar kənd məktəblərindəki
vəziyyətə də işıq salır. Kənd məktəblərində işə qəbul
olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin
qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq
edilmişdir ki, bu da kənd məktəblərini seçənlərin ötən
dərs ilinə nisbətən 25 faiz artması deməkdir.
Bu il ali məktəblərə qəbul imtahanlarının
nəticələri də gələcəyə ümidlə baxmağa imkan verir. Ötən
illə müqayisədə kifayət qədər ciddi keyfiyyət
dəyişikliyi müşahidə olundu. Misal üçün, 700 bal
toplamış abituriyentlərin sayının ötən illə müqayisədə
iki dəfə artmasını, keçid ballarının 200-ə
yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə ali
məktəblərə qəbul sayında nəzərəçarpan yüksəlişi
göstərmək olar ki, bütün bunları da Azərbaycanın təhsil
sahəsində son iki ildə aparılmış islahatların nəticəsi
kimi qiymətləndirə bilərik.
Bu sıraya şagirdlərimizin beynəlxalq elmi yarışlar
və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin
getdikcə artmasını da əlavə etsək, Azərbaycanın
gələcəyindən narahat olmaya bilərik. Təhsil sistemimizdə
aparılan islahatlar yaxın gələcəkdə milli mənəvi və
ümumbəşəri dəyərləri qoruyan, onları inkişaf etdirən,
geniş dünyagörüşünə malik olan, təşəbbüskar və
yeniliklərə meyilli, nəzəri və praktiki biliklərə
yiyələnmiş, müasir təfəkkürlü və rəqabət qabiliyyətli
kadrlar hazırlamağa imkan verəcəkdir. Bu isə cəmiyyətin
inkişafını təmin edən əsas məsələdir... |