Naxçıvan Dövlət Universitetində ilin yekunlarına
həsr olunmuş müşavirə keçirilib. Müşavirəni
universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh
Məhərrəmov giriş sözü ilə açaraq 2015-ci ildə
universitetin elm, təhsil, tədris sahəsi ilə yanaşı,
idman və mədəniyyət sahəsində də əhəmiyyətli uğurlar
qazandığını vurğulayıb. Rektor, tələbə gənclərin
hərbi-vətənpərvərlik ruhunda, əqli və fiziki cəhətdən
düzgün tərbiyə olunmaları, onların asudə vaxtlarının
səmərəli təşkili, zərərli vərdişlərdən yayınmaları,
potensiallarının aşkarlanıb düzgün istiqamətləndirilməsi
baxımından müxtəlif müsabiqələrdə, intellektual
oyunlarda, idman yarışlarında iştirak etmələrinin
zəruriliyindən danışıb, qazanılan uğurlara nəzər salıb.
Universitetin fiziki tərbiyə və idman oyunları
kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri
Məmmədəli Rəhimov çıxış edərək qeyd edib ki, yola
salmaqda olduğumuz 2015-ci il universitet üçün idman
sahəsindəki bir sıra əhəmiyyətli uğurlarla yadda qalacaq.
Tədbirdə təşkilati məsələlərə də baxılıb,
universitetin Tələbə İdman Klubunun idarə heyəti və
təftiş komissiyasının yeni tərkibi müəyyənləşdirilib,
fiziki tərbiyə işinin və idman oyunlarının təşkilinə
nəzarət etmək məqsədilə qeyri-ixtisas fakültələrinə
idmançı pedaqoqlar təhkim olunub.
Tədbirdə idman yarışlarında, olimpiada və
müsabiqələrdə fərqlənən tələbələrə mükafatlar verilib.
Mehriban SULTAN |