Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov universitetin SABAH qruplarında təhsil alan
tələbələr ilə görüşüb. 13 ixtisas üzrə təhsil alan 425
tələbənin iştirak etdiyi tədbiri giriş sözü ilə açan
rektor Abel Məhərrəmov ölkədə elmin və təhsilin
inkişafına göstərilən dövlət dəstəyindən danışıb, Təhsil
Nazirliyinin qayğısı ilə yaranan SABAH qruplarının böyük
perspektivlər vəd etdiyini qeyd edib. Rektor SABAH
qrupları tələbələrinin elmi-tədqiqat işlərinə cəlb
edilməsi ilə bağlı imzaladığı sərəncam haqqında da
məlumat verib. Bildirilib ki, sərəncamda SABAH
qruplarında təhsil alan tələbələrdə elmi, yaradıcılıq və
tədqiqatçılıq vərdişlərinin aşılanması, onların müasir
elmi metodologiyalar və elmi ədəbiyyatla işləmək
qaydaları ilə tanış edilməsi, elmi-tədqiqatlarda real
iştirakının təmin edilməsi, habelə innovasiya
fəaliyyətinə cəlb edilməsi məqsədi ilə hər bir tələbəyə
elmi rəhbər kimi bir müəllim və ya elmi işçinin təhkim
edilməsi öz əksini tapıb. Rektorun sözlərinə görə,
tələbələrin ölkədaxili və beynəlxalq elmi seminar,
konfrans, olimpiada və müsabiqələrdə, o cümlədən qrant
layihələrində iştiraklarını təmin etmək məsələlərinə də
geniş yer verilib. Sonra Təhsil Nazirliyinin SABAH
qrupları İcra Komitəsinin sədri Şahin Seyidzadə çıxış
edib. Tədbirdə tələbələrin çoxsaylı sualları
cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi
|