Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım
Məmmədbəyova və SABAH qrupunun II kurs tələbələri
Şövkət Məhərrəmova (rejissor ixtisası), İbrahim Tağızadə
(rejissor ixtisası), Nərmin Xankişiyeva (musiqi teatr
rejissoru) və Sevgin Rzayeva (aktyor sənəti) dekabr
ayının 4-13-ü tarixlərində Polşanın Krakov şəhərində
Adam Mitskeviç İnstitutunun dəvəti ilə 8-ci Beynəlxalq
“İlahi komediya” teatr festivalının qonağı olub.
“İlahi komediya” sənətsevərlərə Polşanın müasir teatr
həyatı ilə yaxından tanış olmaq imkanı yaradan dünyanın
ən maraqlı beynəlxalq teatr festivallarındandır.
Beynəlxalq əməkdaşlıq, mədəni mübadilə, Polşanın müasir
teatr həyatı ilə tanışlıq, tələbələr və müəllimlər
arasında əlaqələrin möhkəmlənməsi məqsədi ilə ADMİU-nun
müəllim və tələbələri zəngin proqramı olan festival
çərçivəsində nümayiş olunan 16 tamaşanı izləyib, müasir
teatr sənətinin tanınmış rejissor və aktyorları ilə
görüşlərdə, onların ustad dərslərində, mühazirə və
seminarlarda yaxından iştirak ediblər. Festival
çərçivəsində nümayəndə heyətimiz geyim, dekor sexlərinin
fəaliyyəti ilə bağlı film və müxtəlif geyimlər nümayiş
olunan Bosko Komediya Teatr festivalının “Teatr
möcüzəsi”adlı sərgisinə də qatılıblar. Festivalda
Belarus, Gürcüstan, Ukrayna, Amerika, İngiltərə,
Yaponiya və dünyanın başqa ölkələrindən qonaqlar da
iştirak edib, fikir mübadiləsi aparıblar. |