Bakı
Ali Neft Məktəbində (BANM) ““Kitabi-Dədə Qorqud” bizim
mənəvi sərvətimizdir” adlı tədbir keçirilib. Öncə
SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin
dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan
neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib
ki, BANM-də təhsil alan tələbələr gələcəkdə neftçi
peşəsində öz əməlləri ilə onların ruhunu şad
etməlidirlər.
Rektor Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Neft
Məktəbinə gəlişindən məmnun olduğunu və belə layihələrin
davamlı xarakter almasının vacibliyini vurğulayıb. O
bildirib ki, Azərbaycan gənclərinə milli-mənəvi
dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu
Fondun gördüyü işlər təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun icraçı direktoru Oktay Səmədov öz çıxışında
Fondun yaranma tarixindən və fəaliyyətindən söz açıb. O,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq
şifahi xalq ədəbiyyatımızın qədim yazılı abidəsi olan
“Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq
H.Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə
olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb
edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirib.
Oktay Səmədov Bilik Fondunun təşkilatçılığı ilə bu
istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda
həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli
tədbirlər barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
Muxtar İmanov ““Kitabi-Dədə Qorqud” və dövlətçilik”
mövzusunda məruzə ilə çıxış edib.
Sonda tələbələr məruzə ilə bağlı fikirlərini
bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi |