Regionun ən böyük informasiya texnologiyaları
şirkətlərindən olan və bu sahədə innovasiyaların
formalaşdırılması və tətbiqi ilə tanınan Türkiyənin
“Koç Sistem” şirkəti ölkə xaricində ilk araşdırma
mərkəzi təsis edib. Belə ki, “Koç Sistem-Azərbaycan”
şirkəti Qafqaz Universitetinin Texnoparkında Tədqiqat
Mərkəzi yaradıb. Şirkət bu Tədqiqat Mərkəzində Qafqaz
Universitetinin potensialından faydalanaraq Azərbaycanda
və regionun digər ölkələrində müvafiq xidmət göstərməyi
planlaşdırır. Dekabrın 15-də Tədqiqat Mərkəzinin
açılışı olub. Mərasimdə Milli Məclisin komitə sədri,
akademik Ziyad Səmədzadə, “Azərikimya” İstehsalat
Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin üzvü
Muxtar Babayev, Abşeron Rayon İcra Hakimiyyəti
başçısının müavini Fuad Cəbrayılov, “Koç Sistem”in
(Türkiyə) araşdırma üzrə direktoru Ömer Özgür Çetinoğlu,
eləcə də digər dövlət qurumlarından, universitet və
institutlardan nümayəndələr, informasiya
texnologiyaları sektorunda fəaliyyət göstərən
şirkətlərin təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç bildirib
ki, güclü universitet olmağın ən önəmli şərtlərındən
biri sənaye və iş dünyası ilə sıx əməkdaşlıq etməkdir.
Bu əməkdaşlıq iqtisadi və sənaye yönündə ölkənin
inkişafını təmin edir. Qafqaz Universitetinin son illər
Azərbaycan Prezidenti cənab İlham Əliyevin “neft
kapitalını insan kapitalına çevirmək” ideyalarını hayata
keçirməkdə olduğunu diqqətə çatdıran rektor yeni açılan
mərkəzin bu işə böyük töhfə verəcəyinə əminliyini
söyləyib və “Koç Sistem” rəhbərliyinə onlara dəstək
olduğu üçün təşəkkür edib.
“Koç Sistem - Azərbaycan” şirkətinin baş direktoru,
professor Ali Bülent Kutvan bildirib ki, Qafqaz
Universiteti Texnoparkında Tədqiqat Mərkəzinin
açılmasinda əsas mədsəd “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak
etmək, ölkənin rəqəmsallaşması prosesinə dəstək
verməkdir.
Çıxışında yeni layihəni alqışladığını bildirən
akademik Ziyad Səmədzadə Azərbaycan sənayesi tarixində
belə bir hadisənin baş verməsi mərasimində iştirak
etməsindən sevindiyini dilə gətirib. Komitə sədri son
illər ölkəmizdə rəqabətədavamlı iqtisadiyyat və sənaye
sahələrinin yaradılması istiqamətində mühüm işlər
görüldüyünü diqqətə çatdırıb.
“Azərikimya” İstehsalat Birliyi Müşahidə
Şurasının sədri Muxtar Babayev və digər çıxış edənlər
də Tədqiqat Mərkəzinin açılışını yüksək qiymətləndirib,
onun Qafqaz Universitetinin Texnoparkının inkişaf
etdirilməsi, bütövlükdə universitetin maddi-texniki
bazasının genişləndirilməsinə, nəticədə tələbələrin
hazırlıq səviyyəsinin artmasına təkan verəcəyini
söyləyiblər.
Çıxışlardan sonra rəmzi açılışı bildirən
qırmızı lent kəsilib və qonaqlar Tədqiqat Mərkəzi ilə
tanış olublar.
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi” |