Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)
tətbiq edilən diferensial əməkhaqqı sistemi ilə əlaqədar
yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq
komissiya tərəfindən sistemə daxil edilən məlumatların
yoxlanması prosesi başa çatıb. Bununla da sistem
avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi
müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin
elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə
məlumat daxil edilib.
Sistemin tətbiqində əsas məqsəd professor-müəllim
heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq,
onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni
zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını
artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də
tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin
səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət
edəcək.
2015-2016-cı tədris ili üzrə reytinq siyahısında
1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə
artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu
göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər
üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə
1,2 dəfə təşkil edəcək.
Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən
UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç
istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və
özünüinkişaf fəaliyyətləri daxil edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi |