Dekabrın 16-da Sumqayıt şəhərində Abşeron və
Qubadlı rayonlarının, Sumqayıt şəhərinin ümumi təhsil
müəssisələrində çalışan müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinə
başlanılıb.
İmtahanlar Sumqayıt Olimpiya İdman Kompleksində
keçirilir. 9000-ə yaxın müəllimin iştirak edəcəyi
imtahanlarda iştirakçılara ixtisas üzrə ümumi təhsil
proqramına uyğun 40, metodika və təlim strategiyaları
üzrə 20 test tapşırığı verilir.
Sumqayıt şəhərində 16-20 dekabr tarixlərində
keçirilən diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas
iş yeri kimi əmək müqaviləsi əsasında işləyən
müəllimlər, müəllim-defektoloqlar və gənclərin
çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.
İmtahanlar bitdikdən dərhal sonra diaqnostik
qiymətləndirilmənin nəticələri açıqlanır. Müəllimlər
Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış
rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil
olaraq, nəticələri ilə tanış ola bilirlər.
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin məqsədi
müəllimlərin bilik və bacarıq səviyyələrinin
müəyyənləşdirilməsi, onların dərs yükü normasını və
əməkhaqqını artırmaqla maddi rifahının
yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi
əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir. |