Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

“Olimpiya Hərəkatı” idman proqramı ilə bağlı mətbuat konfransı

 

Böyütmək üçün seçinDekabrın 17-də “Olimpiya Hərəkatı” adlı yeni idman proqramı ilə bağlı mətbuat konfransı keçirilib.

“Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin  birgə tərəfdaşlığı ilə icra olunur. Proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri  üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etmək, şagirdlərə sağlam və aktiv həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya Hərəkatı” proqramı müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə uşaqların, həmçinin onların valideynlərinin fiziki aktivliyinin artmasına təkan verir.

Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Həmçinin, Atletika, Badminton, Basketbol və Velosiped idman federasiyalarının rəsmi nümayəndələri də konfransa qatılıblar.

Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya Hərəkatı” proqramı haqqında ətraflı məlumat verib: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsi Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərib. Bu layihənin icrasına görə Coca-Cola şirkətinə də təşəkkürümü bildirirəm. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 idman növünü birləşdirən bu layihədə dəstəyinə görə Coca-Cola, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə bərabər müvafiq idman federasiyalarına layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə dərin minnətdarlığımı bildirirəm”.

Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışıb. Nazirin sözlərinə görə, Olimpiya Hərəkatı çərçivəsində 330-dan çox ümumi təhsil məktəbindən 50000-ə yaxın məktəblinin proqrama cəlb olunması təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yüksək göstəricidir. Onlardan 10000-ə yaxını rayon birinciliklərində və 1000-dən artıq məktəblinin Bakı finalında iştirakı gözlənilir.  Mikayıl Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman mərkəzlərinin sayının 12-yə çatdığını qeyd edib.

Gənclər və idman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: “Bu proqramın Azərbaycanda keçirilməsi həm ölkəmizin inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq böyük stimuldur. İlk Bakı birinciliyinə 50 000 şagirdin qoşulması sevindirici haldır. “Olimpiya Hərəkatı” proqramı əhalinin, gənclərin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm”.

Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş müdiri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək oluruq. Coca-Cola sistemi olaraq Avropa Oyunları sosial irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq”.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov