Bu il 373 tələbənin adı təqaüdçülər siyahısına daxil
edilib
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
2015-ci il üzrə qəbula dair yekun statistika açıqlanıb.
Dövlət Proqramı çərçivəsində son qəbul ili olan
2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə,
Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb.
Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu
qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər
siyahısına daxil edilib. Belə ki, builki müsabiqədə də
üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə
verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura,
70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və
bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ
qazanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və 16 aprel
2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan
"Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nın əsas məqsədləri ölkədə
rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması
və davamlı inkişafın təmin edilməsi baxımından
respublikamızın müasir tələblərə cavab verən kadrlara
ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli
ali təhsil almaları üçün lazımi şəraitin yaradılması,
istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil
almaq imkanlarının genişləndirilməsi prosesinin
mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin
etməkdən ibarətdir.
Sözügedən məqsədlərin icrasının həyata keçirilməsi üçün
Dövlət Proqramının icrasının 9 ili ərzində müvafiq
hüquqi baza formalaşdırılıb və icra müddətində meydana
çıxan məsələlər əsasında daha da təkmilləşdirilib,
namizədlərə elektron şəkildə sənədləri təqdim etmə
imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən
müsahibələr təşkil olunub və tələbələrin təhsil
şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı
ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab
olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil
Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil
müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər
aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ
qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada,
Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox
seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində
magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil
almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində
azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric
Universiteti, Oksford Universiteti, London İmperial
Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu,
Orta Doğu Texniki Universiteti, Toronto Universiteti,
Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti
kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil
alırlar.
İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun
qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək
akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi
özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin
dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə
mərhələsinə buraxılması isə əldə olunan bilik və
səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına
geniş şərait yaradır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu
təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi
üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
Dövlət Proqramının icrası müddətində həyata keçirilən
tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən
biri hesab olunan “Qara qızılın insan kapitalına
çevrilməsi” istiqamətində görülən işlərə təkan verir.
www.edu.gov.az |