Ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin
payız semestrinin imtahan sessiyasını (bundan sonra
imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək,
tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı
və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1.
Ali təhsil müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan
qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir
şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını
təmin etsinlər;
- imtahanların təşkilində və gedişində nöqsanlara,
neqativ hallara yol vermiş şəxslər barədə mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil
müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə
məsuliyyət daşıyırlar;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün
imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına
şərait yaratsınlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və
nəticələri barədə sessiya bitdikdən sonra 10 gün
müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər;
- Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının
monitorinqinin aparılması üçün lazımı şəraitin (otağın
ayrılması, telefonla təchiz edilməsi) yaradılmasını
təmin etsinlər.
2.
Elm və ali təhsil və Daxili nəzarət şöbələrinə
tapşırılsın:
- ali təhsil müəssisələrində imtahan sessiyasının
monitorinqini təşkil etsinlər;
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya
müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ
hallarla bağlı daxil olan məlumatları operativ
araşdıraraq onların yerində həll edilməsini təmin
etsinlər. Bu hallara yol vermiş şəxslər
müəyyənləşdirilərək onlar barəsində tədbirlərin
görülməsi və nəticəsi barədə Nazirliyi
məlumatlandırsınlar;
- ali təhsil müəssisələrində payız semestrinin imtahan
sessiyalarının nəticələrini təhlil edib müvafiq
arayışları müzakirəyə təqdim etsinlər.
3.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov)
Nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və
imtahan sessiyasının gedişi barədə kütləvi informasiya
vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin
etsin.
4.
Əmr “Azərbaycan müəllimi” qəzetində dərc edilsin və
nazirliyin internet saytında yerləşdirilsin.
5.
Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 dekabr 2015-ci il |