Çin
Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə dekabrın 11-də
Renmin Universitetinin “Tarix üzrə fəxri professor”
diplomunun təqdim edilməsi mərasimi keçirilib.
Prezident İlham Əliyev tarix üzrə fəxri professor
seçildiyi bu ali təhsil ocağının xatirə kitabına ürək
sözlərini yazdı.
Dövlətimizin başçısı əvvəlcə universitetin rektoru Liu
Veylə görüşdü.
Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə
siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf
etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın,
xüsusilə universitetlərarası əlaqələrin
genişləndirilməsinin, tələbə mübadiləsinin həyata
keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham
Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir
sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də
əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu
sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin
möhkəmlənməsinə xidmət etdiyi bildirildi.
Sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Universitetin prorektoru İ Cixon mərasimi açaraq
bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm
hadisə olduğunu dedi.
Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi
universitetdə bir daha salamladı. O, ölkəmizin tarixi və
mədəniyyəti haqqında məlumat verdi. Çin ilə Azərbaycan
arasındakı münasibətlərin tarixindən danışan rektor
Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin
“Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən
şərəf duyduğunu bildirdi.
Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat
və fəaliyyəti barədə məlumat verdi.
Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri
professor” diplomu və döş nişanı dövlətimizin başçısına
təqdim edildi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə
universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki,
bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin
göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir
uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev
münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu
ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi
görüşlərin səmərəli olduğunu deyən Prezident İlham
Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi
üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi. BMT
Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş
torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə
bağlı dörd qətnaməsinin olmasına baxmayaraq,
Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirdi.
Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı,
Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini
diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi
uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə
baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini,
əlverişli investisiya mühitinin mövcud olduğunu dedi.
Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf
etmiş ölkəyə çevirmək olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına
böyük diqqət yetirildiyini vurğuladı, müvafiq
proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə
savadlılığın səviyyəsinin 100 faiz olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün
tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı
mübarizə apardığını, ölkəmizin multikulturalizmin
mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı.
AZƏRTAC |