| 
						
						Respublika Şahmat Mərkəzinin ilk direktoru, tanınmış 
						məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat 
						festivalına start verilib.   
						
						AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində 
						keçirilən festival açıq (B), uşaq (C), rapid (D) və 
						blits (E) turnirlərindən ibarətdir. 
						
						Festivalda 84 zəka sahibinin mübarizə apardığı uşaq 
						turnirində 5 turdan sonra iki şahmatçı liderlik edir.
						 
						
						Yetmiş bir şahmatçının iştirak etdiyi açıq turnirdə isə 
						üçüncü turun oyunları yekunlaşıb. Yüz faizlik nəticəni 
						Samir Davidov, Elvin Bayramov, Fariz Əhmədov, Zaur 
						Bayramov və Andrey Mustafin toplayıblar.  
						
						İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən rapid 
						turniri artıq başa çatıb. Bu turnirdə 72 şahmatçı 
						mübarizə aparıb. Yeddi turdan sonra Nail Bəşirli, Xəyalə 
						Abdulla və Rəşad Zeynallı hərəyə 6 xal toplayaraq 1-3-cü 
						yerləri bölüşdürüblər. Nail Bəşirli əlavə göstəricilərə 
						görə yarışın qalibi adını qazanıb. 
						
						Fuad Cəfərov memorialına dekabrın 13-də yekun vurulacaq. |