Bakı Modern Məktəbi kitabxanasının təşkilatçılığı
ilə “Hüquqlarım məni qoruyur” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülarə
Əfəndiyeva açıb. O, çıxışında son illərdə respublikada
uşaq hüquqlarının təmin olunması istiqamətində görülən
işlərdən və həyata keçirilən bir sıra sosial, iqtisadi
və hüquqi islahatlardan bəhs edib.
Məktəbin direktor müavini Mina Əliyeva da
şagirdlərə uşaq və insan hüquqlarının qorunması,
dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda
uşaq hüquqları ilə bağlı qəbul olunan qərarlar barədə
ətraflı məlumat verib.
Ombudsman Aparatının Hüquqi Maarifləndirmə
şöbəsinin müdiri Faiq Ağayev isə ölkəmizdə uşaq
hüquqları ilə bağlı məsələlərin həlli istiqamətində
görülən işlərdən söz açıb.
Çıxışlarda daha sonra vurğulanıb ki, irqindən,
dinindən və dilindən asılı olmayaraq bütün uşaqlar
eyni hüquqlara malikdir. Uşaq hüquqlarının müdafiəsilə
bağlı məsələlər hər zaman ölkə rəhbəri İlham Əliyevin
və xanımı Mehriban Əliyevanın diqqət mərkəzində olub.
2009-cu ilin “Uşaq ili” elan olunması da təsadüfi
deyildi. Buna görə də ölkəmizin ləyaqətli vətəndaşı
olmaq üçün hər bir şagird səylə oxumalı və nümunəvi
olmalıdır. Çünki hər uşağın gələcəyi məktəbdə aldığı
bilik və bacarıqdan asılıdır.
Tədbirdə şagirdləri maraqlandıran suallar
qonaqlar tərəfindən cavablandırılıb. Sonda insan
hüquqlarından bəhs edən videoçarx nümayiş olunub.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |