Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Gənclərin vətənpərvərlik tərbiyəsində veteranların rolu

 

Ölkəmizdə gənclərin sağlam, intellektual səviyyəli inkişafı həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi  və dövlətçiliyə sədaqət ruhunda yetişməsi  üçün biz polis veteranlarının da üzərinə böyük məsuliyyət düşür. Yasamal Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri də Prezident cənab İlham Əliyevin bu sahədəki tövsiyələrini və ölkəmizdə həyata keçirilən tədbirləri əldə rəhbər tutur və gənc nəslin vətənə sədaqətli, vətənpərvər ruhda yetişməsi üçün səylərini əsirgəmirlər. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkəmizdə müxtəlif dini təriqətlərə qoşulmuş,  narkotik və psixotrop vasitələrə aludə olmuş gənclər  də  var.

Narkotiklər,  istər leqal,  istərsə də qeyri-leqal olsun,  həmişə təhlükəlidir, çünki güclü psixotrop təsirə malik narkotiklər təkcə cinayətə meyillilik yaratmır, həmçinin sağlamlığa ciddi ziyan vurur. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə cəmiyyətin sağlamlığına xidmət edir. Narkotik vasitələrin qanunsuz  dövriyyəsi bəzən uşaqları cinayətə meyilli insanların təsirinə salır,  azyaşlılar tüfeyli həyat keçirir, hətta onlardan narkotik daşıyıcıları kimi istifadə edilir. Bu cür faktlar haqlı olaraq cəmiyyətin müxtəlif təbəqələri arasında həyəcan təbilinə səbəb olur.

Prezident İlham Əliyevin Narkotik vasitələrin və narkomaniyanın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncamı bu bəlaya qarşı daha  kəskin mübarizə aparmağa şərait yaradıb.

Gənclərin psixologiyasını təkcə narkotik və psixotrop  maddələr, siqaret və spirtli içkilər zədələmir. Onların  qəddarlığa səsləyən,  din pərdəsi altında müxtəlif terror qrupları yaradıb cəmiyyətdə çaxnaşma salmaq istəyən qüvvələrin  təsirinə düşmələri  də cəmiyyətin, dövlətin mənafeyinə zərər vurur. Cəmiyyətin hər bir üzvü Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində vəzifəsini dərk etməli, çağdaş təhdidlərə  qarşı mübarizə aparmağı vətəndaş borcu bilməlidir.

Orta məktəblərdə dövlət və qeyri-hökumət təşkilatlarının, rayon polis idarəsinin rəhbərliyinin,  veteranlar şurasının üzvlərinin iştirakı ilə keçirilən tədbirlərdə yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti, hüquq və vəzifələri izah olunur. Profilaktik söhbətlərin gedişində narkotikin insanın sağlamlığına vurduğu zərərlər barədə mütəxəssis rəyləri dinlənilir. Narkomaniya dəhşətlərini özündə əks etdirən videoçarxlar nümayiş olunur və əyani vəsaitlər paylanılır.

Bu məqsədlə Bakının Yasamal rayonundakı akademik  Zərifə Əliyeva adına liseydə, 13, 225, 286 və s. orta məktəblərdə “Narkomaniya əsrin bəlasıdır, narkomaniyaya son!” mövzusunda narkoloji dispanserin həkimləri, rayon polis idarəsinin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, şagirdləri maraqlandıran suallara cavablar verilmişdir. 

Xanlar AĞAYEV,
Yasamal RPİ-nin Veteranlar Şurasının sədr müavini, təqaüddə olan polis polkovnik-leytenantı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov