Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

İnteraktiv dərs nümunəsi

 

Azərbaycan dili fənni

V sinif 

Böyütmək üçün seçinMövzu: Omonim

Standart: 1.2.2.  Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.

2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözləri  müəyyənləşdirir.

4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, yaranma üsullarını  və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.

Məqsəd: Omonimlərin mənasını müəyyənləşdirir, sözlərin semantik mənasını  izah edir və omonimlərlə çoxmənalı sözləri müəyyənləşdirir, fikirlərini nümunələrlə əsaslandırır.

İnteqrasiya: Həyat bilgisi, coğrafiya, musiqi, ədəbiyyat.

İş forması: Fərdi iş, qruplarla iş, kollektivlə iş.

İş üsulu: Müzakirə, söz assosasiyaları

Resurslar: Əyani vəsait, slaydlar, dərs vəsaiti.

Dərsin gedişi: Salamlaşma. Ev tapşırıqlarının yoxlanması.

Motivasiya: Motivasiya yaratmaq üçün şagirdlərə aşağıdakı sualları verirəm:

 1. Yerin peyki.

2. Uzun saplı qazma aləti.

3. Ev quşlarından birinin adı.

4. Yarpağından  dəmləmək  ücün istifadə edilən bitki.

5. Çalğı alətlərdən birinin adı.

6. Axşam yeməyinin adı.

7. Üstqurum formalarından biri.

8. Yumşaq bədənli, sürünərkən hərəkət edən heyvan.

9. İlin bir fəslinin adı.

10. İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi.

 Slayd şəklində təqdim olunan bu sualların qarşısında müvafiq cavabları əks etdirən şəkillər də olur. Şagirdlər həmin şəkillərdən çıxış edərək ay, bel, ördək, çay, tar, şam, din, tırtıl, yaz, dil kimi cavablandırırlar.

Deyilənləri belə ümumiləşdiirirəm: Uşaqlar, dilimizdə elə sözlər var ki, eyni şəkildə yazılır, lakin ayrı-ayrı mənaları ifadə edirlər. Belə sözlərə omonimlər deyilir.

Deyilişi və yazılışı eyni, leksik mənası fərqli olur. Həm eyni, həm müxtəlif nitq hissələrinə aid olur.

Sonra tədqiqat sualı qoyulur:

Tədqiqat sualı: Eyni bir sözlə adlanan əşyaların bir-birinə oxşarlığı, bir-biri ilə əlaqəsi varmı?

Tədqiqatın aparılması: Müəllimin şərhi:

Tədqiqat sualı ətrafında şagirdlərin axtarış aparmasından əvvəl omonimlər haqqında qısa məlumat verilir: Əgər sözün mənaları arasında heç bir bağlılıq yoxdursa, deməli, bunlar ayrı-ayrı leksik vahidlər, yəni omonimlərdir. Məsələn, ləpə-su dalğası; ləpə-qoz ləpəsi.

Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.

Şagirdlərin diqqətinə çatdırıram ki, yazılışı eyni olan elə  sözlər də var ki, onlar omonim deyillər. Belə sözlərə omofonlar və ya fonetik omonimlər deyilir. Onlar yalnız səslənməsinə görə omonimə bənzəyirlər. Məsələn, ümumi və xüsusi isimlər: lalə - çiçək, Lalə - xüsusi ad, alim-elm sahibi, alim-xüsusi ad-omonim ola bilməz.

Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər də vardır ki,  (əkin-feil, əkin- isim, alın-feil, alın-isim) omoqraf adlanır.

Yazılışı və tələffüzü eyni olan, lakin başlanğıc formaları müxtəlif olan sözlər (əsir-feil, əsir-isim) omoform adlanır.

Səslənməsinə görə eyniləşən sözlər (xeyr - xeyir) paronim adlanır.

Sonra sözlərin  mənaları  üzərində iş üçün tapşırıq verilir. Şagirdlər “bel” və “üz” sözləri əsasında omonimliyi və çoxmənalılığı fərqləndirirlər.

Müəllimin şərhi: Çoxmənalı sözlərdə mənalardan biri əsas, digərləri isə ondan törəmə olur. Yəni çoxmənalılıq sözün əsas mənasının məcazlaşması yolu ilə yaranır. Məsələn, heyvanın dili - çəkmənin dili, alovun dili.

Tədqiqatın aparılması: Bu məqsədlə şagirdlərə belə bir tapşırıq təqdim olunur: Verilmiş cümlələrdə fikir aydın izah olunmayıb. Siz cümlədəki fikri izah edin.

1) Çay Eldara sərinlik gətirdi (içilən çay, yoxsa axar çay).

2) Ləklərdəki kələmləri qurd yemişdi (həşərat, yoxsa canavar).

3) Həlimənin iki gün idi ki, beli ağrıyırdı (alət, yoxsa insanın beli).

4) Havanın birdən-birə soyuması meyvələri vurmuşdu (oyun havası, yoxsa iqlim).

5) Şövkət imtahandan yüksək bal topladı (qatı şirin maddə, yoxsa qiymət dərəcəsi).

Sonra şagirdlərə müxtəlif heyvan və həşərat şəkilləri təqdim olunur və onlardan hansının adının omonim olması soruşulur. Daha sonra qruplarda iş aparılır. Hər qrupa müstəqil iş üçün tapşırıqlar verilir:

“Hədəf” qrupu:

Tapşırıq 1. “Dil”, “göz”, “tut” sözlərini həm omonim, həm də çoxmənalı söz kimi cümlə daxilində fərqləndirin.

Tapşırıq 2. Cümlələrdə omonim sözləri tapın:

Axsam dolu yağdı.

Onun söhbəti bizi ovsunlamışdı.

Dənizin ləpələri sahilə vururdu.

“Zirvə”qrupu:

Tapşırıq 1. Eyni nitq hissəsinə aid olan omonimləri seçin:

Bal, kök, çay, şiş, don, bel, dağ, ov, min, uzan, din, divan, yağ, biz, bağ, inci, mürəkkəb, top.

Tapşırıq 2. Aşağıdakı cümlələrdə çoxmənalı sözləri tapın:

- Kağız torba davamsız olur. Bu qədər kağız nəyinə lazımdır.

- Uşağın dişi cıxır. Darağın dişi sındı.

- Usağın boğazı ağrıyır. Qrafinin boğazı rənglidir.

“Dəniz” qrupu:

Tapşırıq 1. Hansı cümlədəki frazeoloji birləşmə omonim kimi işlənə bilər?

* Günəş bitkilərə can verir.

*Həbib fikirləşdikcə özündən acığı gəlirdi.

Tapşırıq 2. Həm omonimləri, həm çoxmənalı sözləri seçin:

Boğaz, yar, inci, qol, ov, bağ, quru, köç, kağız, daş, şiş, qaş, yay, kök.

“Zəfər” qrupu:

Tapşırıq 1. Omonim olan cümlələri tapın:

1) Lalə məktəblərarası olimpiadada 1-ci yeri tutdu.

Çəmənlikdəki lalələr göz oxşayırdı.

2) Hər yay kəndimizdəki çayda çimməkdən zövq alırıq.

Çay süfrələrimizin yaraşığıdır.

3) Toplan çox yaxşı itdi, heyif, həyətdə itdi. (Y.Kərimov).

Tapşırıq 2. Omonimlərin çoxmənalı sözlərdən fərqli cəhətlərini sadalayın.

“Zaman”qrupu:

Tapşırıq 1. Şəkil çəkmə və çəkmə ayağını sıxırdı nümunələrində altından xətt çəkilmiş sözləri omonim hesab etmək olarmı? Fikrinizi əsaslandırın.

Tapşırıq 2. Bənddəki omonimləri seçin:

Dolaşırsan yenə gendə,

Saçlarıma düşdü dən də.

Bir yol səni düşünəndə,

Min yol ağlım çaşar mənim.

Sonra sinif kollektivi ilə iş aparılır.

Məlumatların müzakirəsi:

Bütün məlumatlar müzakirə olunur və nəticəyə doğru yönəldilir.  Qeyd olunur ki, omonimlər:

- Lüğətlərdə ayrı-ayrı sözlər kimi verilir, üzərində sıra nömrələri qoyulur:

 Divan-oturmaq üçün vasitə

 Divan-şeirlər külliyyatı

 Divan-məhkəmə, hökumət yığıncağı.

-Ayrı-ayrı mənaları bildirir;

-Yalnız həqiqi mənada olur;

-Həm eyni, həm müxtəlif nitq hissələrinə aid olur.

Çoxmənalı sözlər:

- Eyni leksik məna ilə bağlı bir-birinə  yaxın müxtəlif mənaları bildirir.

- Əsas mənanın məcazlaşması yolu ilə yaranır.

- Həmişə eyni nitq hissəsinə aid olur.

Nəticə: Sonda belə bir nəticəyə gəlinir ki,  eyni bir sözlə adlanan əşyaların bir-birinə oxşarlığı, bir-biri ilə əlaqəsi və ya məna yaxınlığı olmadığını öyrəndik. Omonim sözlərin mənaları tamamilə fərqləndiyi halda, çoxmənalı sözlərin mənaları arasında müəyyən yaxınlıq olduğunu bildik, çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olduğu halda, omonim sözlərin müxtəlif nitq hissələrinə də aid olduğunu öyrəndik.

Qiymətləndirmə: Qiymətləndirmə meyarlar və qruplar üzrə cədvələ əsasən aparılır. 

Xəyalə DADAŞOVA,
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov