Mingəcevir
şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun
dəstəyi DVC-nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai
Birliyi) tərəfdaşlığı, Mingəçevir Debat Mərkəzinin
təşkilatçılığı, Mingəçevir Dövlət Universitetinin və
Mingəçevir Gənclər Evinin ev sahibliyi ilə “Mingəçevir
Gənclərin Debat forumu-2015” ilk mərhələsi uğurla
yekunlaşıb. “Respublika Gənclər Debat Forumu 2015: Payız
Kuboku” layihəsi çərçivəsində keçirilən forumun ilk
mərhələsində 6 komanda gərgin mübarizə şəraitində
yarışıb.
Dekabrın 6-da Mingəçevir Gənclər Evində finala vəsiqə
qazanan Mingəçevir Dövlət Universitetinin “SWOD” və
Mingəçevir Turizm Kollecinin “UĞUR” komandaları
qarşılaşıblar.
Mübarizə Debatın Karl Popper formatında keçirilib.
Finalçılar “Kənd təsərrüfatının inkişafında liberal
bazar iqtisadiyyatı labüddür” mövzusunda “təsdiq” və
“inkar” qaydaları və prinsipləri üzrə fikir mübadiləsi
aparıblar. Forum Mingəçevir Debat Mərkəzinin sədri
Etiram Sadıqzadənın, Şəki Regional Debat Mərkəzinin
sədri Dəyanət Elmansoyun və Mingəçevir Debat Mərkəzinin
sədr müavini Samir Şükürovun hakimlər briqadası
tərəfindən idarə olunub.
Forum yüksək səviyyədə və gərgin mübarizə şəraitində
başa çatıb. Mingəçevir Dövlət Universitetinin “SWOD”
komandası daha inamla yarışaraq finalın qalibi olub.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal
Nəcəfli qalib komandanı təbrik edib, respublika kuboku
uğrunda mübarizədə qələbəylə Mingəçevirə dönmələrini
arzu edib. Qalib komandaya şəhər kuboku təqdim edilib.
Forumda ən yaxşı spiker adına Mingəçevir Dövlət
Universitetinin nümayəndəsi Rəşad Qurbanov layiq görülüb
və o xüsusi medalla mükafatlandırılıb. Yarışda daha fəal
iştirak edən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, forumun qalibi Mingəçevir Dövlət
Universitetinin “SWOD” komandası dekabrın 19-20-də
Bakıda keçiriləcək “Respublika Gənclər Debat Forumu
2015: Payız Kuboku” finalında şəhərimizi təmsil edəcək.
Debatçılara uğurlar!!!
Nazim NİFTƏLİYEV,
Mətbuat xidmətinin rəhbəri |