XIX
əsrin ikinci yarısında Rusiya öz inkişafının yeni
mərhələsinə-kapitalizmin inkişafı mərhələsinə qədəm
qoydu. Təhkimçilik hüququnun ləğvi feodal istehsal
üsulunun kapitalist üsulu ilə əvəz edilməsində yeni bir
mərhələ idi. Belə bir şəraitdə çarizm mövcud
sosial-siyasi quruluşu saxlamağa cəhd göstərməklə
bərabər, kapitalist təsərrüfatının tələblərinə uyğun
olaraq bir sıra burjua islahatları da keçirməyə məcbur
idi.
Bu baxımdan Çar hökuməti şəhərlərin idarəsi sahəsində də
islahat keçirmişdi. Bütün Rusiya şəhərləri üzrə islahat
keçirilməsi haqqında qanun yalnız 8 ildən sonra -1878-ci
ildə Azərbaycana gəlib çatmış və təkcə Bakıya aid
edilmişdi. Şəhər dumalarının hüququ da məhdud idi:
onların yalnız kiçik təsərrüfat işlərilə məşğul olmaq
hüququ vardı. Bu hüquqlar şəhərin abadlaşdırılması və
yanğına qarşı tədbirlərdən, bazarları, ticarət, sənaye,
səhiyyə və maarifi himayə etməkdən ibarət idi. Görülən
bütün işlərə qubernator nəzarət edirdi.
Şəhər islahatı əsas iki orqanın-seçkili orqan olan şəhər
dumasının və onun icra orqanı olan şəhər idarəsinin
yaradılmasını nəzərdə tuturdu. Bakı şəhərində Duma və
şəhər idarəsi 1877-ci il 24 may tarixli Rusiya senatının
fərmanına əsasən 1877-ci ilin dekabrında təsis edildi.
XIX əsrin 80-ci illərində Bakıya dəmiryol çəkilməsi və
neft sənayesinin inkişafı ilə yanaşı, su kəmərinin
çəkilməsi də ən zəruri məsələyə çevrilmişdi. Bu da
səbəbsiz deyildi, çünki həmin dövrdə Bakı sənaye
rayonunun iqtisadi həyatının coşqun inkişafının əksinə
olaraq su təsərrüfatı hələ də orta əsrlər səviyyəsində
qalmaqda idi. Belə bir şəraitdə H.Z.Tağıyev başda
olmaqla Dumanın azərbaycanlı deputatları əhalini daimi
içməli su ilə təchiz etmək üçün su kəmərinin çəkilməsi
problemi ilə ciddi məşğul olmuşdular. Qeyd olunan dövrdə
Bakı əhalisi su sarıdan çox korluq çəkirdi. Əvvəl Bakı
ətrafında su mənbəyi axtarılır, sonra Şamaxı qəzasında
kəşfiyyat işləri aparılır, ancaq bütün səylər boşa
çıxır. 1892-1898-ci illərdə Kür çayından Bakıya su
kəməri çəkmək layihəsi hazırlanır. Hətta Duma deputatı
H.Z.Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək
üçün layihə tərtib etmək haqqında müsabiqə də elan
edilmişdi. Lakin Duma təklif olunan 40-dan artıq
layihəni rədd etmişdi. Buna səbəb həmin layihələrin
böyük xərc tələb etməsi idi. Əlacsız qalib 1893-cü ildə
sahildə dəniz suyunu təmizləyən qurğu düzəldirlər. Gündə
30000 vedrə su təmizlənsə də bu, əhalinin ehtiyacını
ödəyə bilmirdi. Beş ildən sonra ikinci su təmizləyən
qurğu işə düşür. Bununla yanaşı, Kür çayından barjlarda
su daşıyıb vedrəsini yarım qəpiyə satırdılar. Sonralar
Volqa çayından barjlarla su daşımağa başladılar, bu su
daha baha idi, belə ki, vedrəsini iki qəpiyə satırdılar.
Kasıblar suya olan əsas ehtiyaclarını yalnız
həyətlərdəki quyulardan ödəməyə məcbur idilər. Bu da
tez-tez cürbəcür xəstəliyə səbəb olurdu. 1899-cu ildə
şəhərdə suya olan tələbatın daha da artdığını görən
H.Z.Tağıyev xarici şirkətlə 25000 manatlıq müqavilə
bağladı. O, Avropanın bir neçə şəhərində su kəməri
çəkmiş mühəndis Vilyam Lindleyi Frankfurt-Mayndan Bakıya
gətirdir və ona çeşmə axtarmağı tapşırdı. V.Lindley Kür
və Samur mənbələrini nəzərdən keçirdi. Daha sonra
Bakıdan 190 km. uzaqda, Qubanın yaxınlığında quyu
qazdırıb Şollar suyunun mənbəyini kəşf edir və Dumaya
oradan su çəkdirməyi təklif etdi. Şəhər Duması
V.Lindleyin təklifini rədd edib, ona Kür və Samur
variantları üzrə su kəməri layihəsinin hazırlanmasını
təklif etdi. Ancaq H.Z.Tağıyevin başçılığı ilə Dumanın
azərbaycanlı deputatları Şollar layihəsi üzərində
dayandılar. Deputatlardan H.Zərdabi, Ə.Topçubaşov su
təchizatı komissiyasının 1901-ci il iyunun 9-da
keçirilən iclasında çıxış edərək Şollar su mənbəyindən
şəhərin su ilə təchiz edilməsinin vacib olduğunu bir
daha qeyd etdilər.
Ə.Topçubaşov Dumanın 1902-ci il 3 oktyabr tarixli
iclasında Zuğulba suyunun da əleyhinə çıxaraq bildirdi
ki, Zuğulba suyunda şirinləşdirici su çatışmır və bu su
yüksək keyfiyyətə malik deyil. O, çıxışının sonunda
genetik nöqteyi-nəzərdən də bu suyun qiymətli hesab
olunmadığını qeyd etdi.
1904-cü ilin mayında şəhər idarəsi su kəməri çəkmək üçün
fransız şirkəti ilə müqavilə bağladı. Fransız şirkəti
işi ləng gördüyündən onunla müqavilə pozuldu, bütün
işlər 1907-ci ilə qədər dayandırıldı.
Şəhər idarəsinin rəisi Rayevski də su məsələsində
H.Z.Tağıyevin tərəfini saxlayır və məsələnin həlli üçün
var qüvvəsi ilə çalışırdı. Layihə və hazırlıq işləri isə
ləng gedirdi. Qubernator və şəhər idarəsi Peterburqdan,
hökumətdən kömək istəyir. H.Z.Tağıyev işi sürətləndirmək
üçün yaxın dostu Məmməd Həsəni Rayevski ilə bərabər
Peterburqa, dövlət palatasına yollayır ki, Bakı şəhəri
üçün 5 faizli istiqraz buraxılışını sürətləndirsin.
Çox keçmir ki, 1909-cu ilin axırlarında qərar çıxır ki,
su kəmərinin inşası üçün Bakı şəhər idarəsinə 27 milyon
manat 5 faizli istiqraz buraxmağa icazə verilsin.
Nəhayət, 1910-cu ildə Şollar bulağı ərazisində ilkin
hidroloji işlər başa çatdırıldı.
Şəhər dumasında qızğın müzakirələrdən sonra su kəmərini
konsessiya üsulu ilə çəkmək haqqında qərar qəbul edildi.
Su kəmərini Peterburqdan “Binqe-Braykeviç və Plaçkovski”,
İtaliyadan “Luici Fakkanoni” firmaları çəkmək
istəyirdilər. Sonradan ingilis “Qriffits və K” firması
da onlara qoşuldu. İtaliya firması “Luici Fakkanoni”
əvvəllər Vyanada uzunluğu 170 km olan su kəmərinin
tikintisini başa çatdırmışdı. Lakin bu firmaların irəli
sürdüyü şərtləri şəhər idarəsi qəbul etmədi. Nəhayət,
1911-ci ilin yanvarından ingilis firmasının təqdim
etdiyi yeni şərtlər şəhər üçün daha əlverişlı olduğundan
şəhər idarəsi 1911-ci ilin yanvarında su kəmərinin
çəkilməsi haqqında “Qriffits və K” firması ilə müqavilə
bağladı. Hesablamalara görə, kəmər şəhərə gündə üç
milyon vedrə su verəcəkdi.
Şollar su kəmərinin çəkilməsinin ingilis firmasına
tapşırılması ilə əlaqədar olaraq Dumada çıxış edən
H.Z.Tağıyev ingilis firmasının etimada layiq olduğunu
qeyd edərək işin icrasının həmin firmaya tapşırılmasına
razı olduğunu bildirdi.
Kəmərin çəkilişinə H.Z.Tağıyevdən başqa digər
azərbaycanlı milyonçular da çoxlu pul vermişdilər.
1916-cı ilin axırlarında Şollar-Bakı su kəməri hazır
oldu və 1917-ci il yanvarın sonunda bu iş tamamilə başa
çatdı. Həmin il fevralın 18-də su kranını açmaq şərəfi
H.Z.Tağıyevə nəsib oldu.
Həmin gün çoxlu qoyun, dəvə, öküz qurban kəsildi,
məhəllələrdə ehsan məclisləri açıldı. Su fontanları işə
düşdü, əhaliyə gündə üç dəfə - səhər, günorta və
axşamüstü su verildi.
Beləliklə, XX əsrin əvvəllərində H.Z.Tağıyevin
hərtərəfli fəaliyyətinin nəticəsi olaraq Bakı
əhalisinin içməli su ilə təchiz edilməsi problemi həll
edildi.
Yusif FƏRZƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan tarixi
kafedrasının dosenti |