Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və
təhsilin inteqrasiyası istiqamətində tədbirlərini davam
etdirir. Belə ki, dekabrın 8-də AMEA-nın 70 illik
yubileyi çərçivəsində paytaxtdakı 132-134 nömrəli Təhsil
Kompleksinin müəllim və şagirdləri akademiyanın əsas
binasında təşkil edilən sərgi ilə tanış olublar.
AMEA-dan verilən məlumata görə, akademiyanın 7 elmi
bölməsinin tərkibinə daxil olan institut və təşkilatlar,
regional elmi mərkəz və bölmələr, o cümlədən Rəyasət
Heyətinin guşələrinə qoyulan eksponatlar şagirdlər
tərəfindən maraqla qarşılanıb. Bölmənin pavilyonunda
məktəblilərə bu elmi müəssisələrin strukturu, yaranma
tarixi ilə bağlı ətraflı məlumat verilib. Sərgidə
həmçinin AMEA-nın elmi müəssisələrinin uzun illər əldə
etdiyi nailiyyətlər, önəmli araşdırma nəticələri, elm
sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar
aparılan tədqiqatlar, o cümlədən institut və
təşkilatların fəaliyyətini əks etdirən Azərbaycan, rus
və ingilis dillərində bukletlər, kitablar və dəyərli
nəşrlər barədə danışılıb.
Sərgidə daha sonra şagirdlərə akademiyanın əldə etdiyi
mühüm elmi nəticələr və uğurlu yeniliklərdən də bəhs
olunub, AMEA-nın Təcrübə Sənaye Zavodunun məhsulları
nümayiş etdirilib.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi” |