Dekabrın 10-da AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında ümummilli lider Heydər Əliyevin
xatirəsinə həsr olunmuş ““Kitabi-Dədə Qorqud” və
H.Fridrix fon Dits - 200” mövzusunda beynəlxalq şagird
konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu tərəfindən keçirilən
konfransın iştirakçıları Fəxri xiyabana gələrək müasir,
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
dərin ehtiramla yad ediblər.
Məktəblilərin “Kitabi-Dədə Qorqud” dastanına həsr
edilmiş rəsm sərgisinin nümayişindən sonra işə başlayan
konfransda Dövlət himnimiz səslənib və ulu öndərin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov diqqətə çatdırıb ki, ölkə
başçısı 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”
dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb.
Bilik Fondu Sərəncama uyğun olaraq, “Kitabi-Dədə Qorqud”
dəyərlərinin tədqiqi, tədrisi, təbliği istiqamətində
silsilə tədbirlər həyata keçirir. Bu tədbirlər təkcə
Bakı şəhərində və bölgələrimizdə deyil, eyni zamanda
xarici ölkələrdə də təşkil edilib. Diqqətə çatdırıb ki,
““Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits - 200”
layihəsi Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,
Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik
Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilir.
İlk dəfə keçirilən beynəlxalq şagird konfransının
da həmin silsilə tədbirlərdən biri olduğunu vurğulayan
O.Səmədov bildirib ki, ölkəmizin bütün bölgələrini
təmsil edən məktəblilərin iştirak etdiyi tədbirdə,
həmçinin Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və
İsraildən də şagirdlər qatılıblar.
Təhsil Nazirliyinin sektor müdiri Gültəkin
Hüseynova nazir Mikayıl Cabbarovun konfrans
iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
Daha sonra çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq
İnstitutunun direktoru, professor İlham Məmmədzadə
“Kitabi-Dədə Qorqud” dastanının müxtəlif mədəniyyətlər
arasındakı körpülərdən biri olduğunu vurğulayaraq belə
görüşlərin ikitərəfli maraqları daha da
dərinləşdirdiyini söyləyib.
Sonra məktəblilər - Türkiyədən Hüsnü Burak
Sarıkaya, Rusiyadan Mariya Voroşilova və Gürcüstandan
Elizabet Porçxidze çıxış edərək konfransda iştirakdan
şərəf hissi duyduqlarını bildiriblər. Bakının
gözəlliyinə heyran olduqlarını söyləyən məktəblilər bu
konfransın onlarda xoş təəssürat yaradacağını deyiblər.
Daha sonra konfrans işini bölmə iclaslarında davam
etdirib. İki bölmədən ibarət konfransda yerli və xarici
ölkə məktəblilərinin “Kitabi-Dədə Qorqud” dastanı
haqqında məruzələri dinlənilib, müzakirələr aparılıb.
Bədii hissədə konfrans iştirakçıları Dövlət Uşaq
Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı və
Bakı məktəblilərinin hazırladıqları kompozisiyaları
izləyiblər. |