Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın
aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar
gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
“Elm
Çində də olsa, onun dalınca gedin”. Peyğəmbərimiz
Məhəmməd Əleyhissəlamın öz ümmətinə təlqin etdiyi bu
prinsip bir tərəfdən zəngin Şərq mədəniyyətinin elmə,
təhsilə münasibətini sərgiləyirsə, başqa tərəfdən elmin
də, təhsilin də hansısa konkret coğrafiyada məhdudlaşıb
qalmayan, insanlar və mədəniyyətlər arasında qarşılıqlı
mübadilə tələb edən bir dəyər olduğunu ortaya qoyur.
Çağdaş dünyanın insanları olaraq bu gün biz son dərəcə
ziddiyyətli bir dünyada yaşayırıq. Belə bir dünyada
ölkələri və cəmiyyətləri bir-birindən ayıran təkcə
sərhədlər deyil. İndi dünyanın ən qiymətli sərvəti olan
elm, bilik, təhsil toplumları daha çox fərqləndirir.
Cəmiyyətlərin bu sahəyə indiki münasibətindən asılı
olaraq onların gələcək həyatının mənzərəsini cızır. Bəs
bu mənzərədə gələcəyin Azərbaycanı necə görünür?!
Fikrimizcə, bu suala ən obyektiv cavab Azərbaycan
dövlətinin təhsil sahəsinə diqqət və qayğısıdır.
Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu
universitetlərində təhsil alması üçün yaradılan
şəraitdir.
Faktlara ani nəzər salaq: “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” çərçivəsində son 8 il ərzində 3558
nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Bu il isə
Proqram üzrə 373 nəfər xaricdə təhsil almaq hüququ əldə
edib. Tələbələr 32 ölkənin 379 ən nüfuzlu
universitetində təhsil alırlar. Onlardan 1032 nəfəri
Birləşmiş Krallığın, 767 nəfəri Türkiyənin, 441 nəfəri
Almaniyanın, 242 nəfəri Kanadanın, 181 nəfəri Niderland
Krallığının universitetlərində ixtisaslara yiyələnirlər.
Proqram çərçivəsində ali təhsilin prioritet
istiqamətləri üzrə 923 nəfər tibb, 847 nəfər
iqtisadiyyat, 348 nəfər informasiya texnologiyaları, 337
nəfər mühəndislik, 221 nəfər sosial və humanitar elmlər
üzrə oxuyurlar. Tələbələrin 1526 nəfəri magistratura,
1044 nəfəri bakalavr, 547 nəfəri rezidentura, 168 nəfəri
doktorantura, 213 nəfəri baza ali tibb təhsili
səviyyələri üzrə təhsil alırlar. Bu günədək 1000-ə yaxın
tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı
təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir,
onlar da tibb təhsili alan gənclərdir. Hazırda
məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda
fəaliyyət göstərir.
Düşünürük ki, gələcəyin Azərbaycanının aydın mənzərəsini
yaradan son dərəcə önəmli amillərdən biri də Azərbaycan
gəncliyinin onların üzünə açılmış qapıların, yaradılmış
imkanların fərqində olmasıdır, bu imkanları düzgün
dəyərləndirməsidir. Azərbaycanın gəncliyinin təhsilə
getdikcə artan həvəsidir. Təhsil həyatında öz uğur
hekayələrini yaradan gənclərimizin düşüncələridir. Bu
müsahibədə də onlardan biri - ABŞ-ın Kaliforniya Berkli
Universitetinin tələbəsi Hüseyn Abdulla ilə
söhbətləşəcəyik. Hüseyn Abdulla 1994-cü ildə Bakı
şəhərində anadan olub. 2011-ci ildə 72 nömrəli
məktəb-liseyi qızıl medalla başa vurub. Ali məktəblərə
qəbul imtahanlarında 690 bal toplayaraq Qafqaz
Universitetinin sənayenin təşkili və idarəolunması (ingilis
dilində) ixtisasına qəbul olunub. Prezident təqaüdünə
layiq görülüb. 2015-ci ildə Qafqaz Universitetini
bakalavr təhsili üzrə “Universitet birincisi” kimi
fərqlənmə diplomu ilə bitirib. Hazırda “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kaliforniya
Berkli Universitetində sənaye mühəndisliyi və
əməliyyatlar tədqiqi ixtisası üzrə magistratura təhsili
alır. Hüseynlə söhbətimizə orta məktəb illərindən körpü
salırıq.
“Özümü şanslı hesab edirəm”
Orta məktəb illərini hər zaman şəxsi inkişafımın önəmli
bir dövrü olaraq görmüşəm. Müəllimlərim nöqteyi-nəzərdən
özümü şanslı hesab edirəm. Öz sahələrində ən yaxşılardan
olan, müəllim peşəsinin haqqını verən, həmçinin bir fərd
kimi nümunə götürülməli insanlardan dərs almışam, bunu
hər zaman fəxrlə dilə gətirirəm. Müxtəlif sahələrdə
bilik və fikir sahibi olmağı xoşladığımdan fənlər
arasında fərq qoymamışam. Təbii ki, riyaziyyat, texniki
və təbiət elmlərinə marağım hər zaman çox böyük olub,
lakin bu məni humanitar sahələri öyrənməkdən heç vaxt
yayındırmayıb. Müəllimlərim məni müxtəlif peşə
sahələrində təsəvvür edirdilər. Bu, bəzən mənim özümdə
də qərarsızlıq yaradırdı. Seçəcəyim ixtisasın maraq
dairəmə uyğun olmasını arzu edirdim. Qəbul imtahanına
daha çox iqtisadiyyat və idarəetmə yönümlü ikinci
ixtisas qrupu çərçivəsində hazırlaşırdım, lakin
mühəndislik və texniki sahələr də məni cəlb edirdi.
Nəticədə, Qafqaz Universitetinin sənayenin təşkili və
idarəolunması ixtisasını seçdim. Seçimi edərkən belə bir
sahənin yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafının
yeni mərhələsində ciddi önəm qazanacağını yəqin edirdim;
bu gün baş verən hadisələr fonunda təxminlərimdə
yanılmadığımı deyə bilərəm. Hələ birinci kursda
oxuyarkən qarşıma xaricdə magistr təhsili almaq
məqsədini qoymuşdum. Ən önəmlisi odur ki, bu gün sahib
olduğum hədəflərim, gələcəklə bağlı planlarım məhz
Azərbaycanda aldığım ali təhsillə formalaşıb. “Təhsildə,
elmdə və ölkə sənayesində nələri daha yaxşı edə bilərik?
Mövcud problemlərimiz nələrdir, gələcək inkişafda mənim
nə kimi töhfəm ola bilər” kimi suallar bu mənada mənim
üçün həlledici olub. Xaricdə təhsil planlarımla bağlı
ailəmlə yanaşı, universitetimizin akademik
kollektivindən, yaxın dostlarımdan hərtərəfli dəstək
almışam. Məni dünyanın ən yaxşı universitetlərindən
birində təhsil almağa layiq görürdülər və mən də indi
onların etimadını doğrultmağa çalışıram.
“Müəllimlərim belə bir proqramın mövcudluğunu eşidəndə
təəccüblənirlər”
Dövlət Proqramında iştirakımı gələcək karyeram üçün
vacib dönüş nöqtəsi kimi görürdüm. Uğurlu keçən müsahibə
mərhələsindən sonra proqrama qəbul olunacağıma
inanırdım. ABŞ-da təhsilin çətinlikləri ilə bağlı
kifayət qədər məlumatlarım var idi. Lakin düşünəndə
bilirdim ki, ölkə üçün prioritet bir sahə və həm də bu
ixtisas üzrə dünyanın ən yaxşı universitetlərindən
birində təhsil alacağam, bu səbəbdən proqrama
seçilməyimi böyük sevinclə qarşıladım. Bu proqram son
illərdə ölkəmizdə icra edilmiş ən böyük layihələrdən
biridir və gənclərə olan dövlət qayğısının vacib bir
nümunəsidir. Berkli Universitetində əcnəbi tələbələr və
müəllimlərim ölkəmizdə belə bir proqramın mövcudluğunu
eşidəndə təəccüblənir və bunun təqdirəlayiq hal olduğunu
qeyd edirlər.
Mən ölkəmizin təhsil sistemində gedən prosesləri
yaxından izləyir və son illərdə baş verən dəyişiklikləri
çox proqressiv hesab edirəm. Buradakı təhsil həyatımı
eyni zamanda ölkə təhsilində nələri dəyişmək olar,
universitetlərimizin rəqabətliliyini necə artırmaq olar,
yaxın gələcək üçün ali təhsildə əsas strateji
prioritetlər nələr olmalıdır kimi suallara qismən də
olsa cavab tapmaq üçün şans olaraq görürəm. Məncə,
Dövlət Proqramı çərçivəsində təhsil alan hər bir tələbə
belə suallar üzərində düşünməli, yeni layihələr təklif
edərək təhsilimizin inkişafına öz töhfəsini verməlidir.
“Müəllimlər tələbələri davamlı şəkildə sınağa çəkirlər”
Kaliforniya Berkli Universiteti elmi tədqiqat işlərinin
həcminə və proqramlarının keyfiyyətinə görə dünyada ən
yaxşı 3 ali məktəbdən biridir. Bu universiteti
seçməyimin digər bir səbəbi isə təhsil ocağının təkcə
mühəndislik yox, ixtisasımla çox əlaqəli tətbiqi
riyaziyyat, biznesin idarə edilməsi, iqtisadiyyat kimi
sahələrdə də ən yaxşılardan olmasıdır. İxtisasımın
ölkəmiz üçün istər akademik, istərsə də iş dünyası
kontekstində prioritetlərdən olduğunu düşünürəm və
gələcəkdə ölkə sənayesinin, həmçinin bu sahədə ali
təhsilin inkişafı naminə ciddi layihələrdə iştirak
etməyi arzu edirəm. Bu baxımdan, seçdiyim universitetin
məni istər şəxsi, istərsə peşəkar çərçivədə böyük
məsuliyyətli işlərə hazırlaya biləcəyinə inanıram. Təbii
ki, universitetimizin akademik heyəti öz sahələrində ən
uğurlulardan hesab edilir, bəzilərinin yazdığı
dərsliklərdən Azərbaycanda təhsil alarkən istifadə
edirdim və onlarla tanış ola bilmək belə, insana həyəcan
verir.
Universitetdə tələbələrin fikirlərini dinləyən və
dəyərli məsləhətlər verən peşəkar müəllim heyəti var.
Müəllimlər tələbələri həqiqətən çətinliyə alışdırır və
davamlı şəkildə sınağa çəkir, tələbələr arasında sağlam
rəqabət mühiti yaradırlar. Universitetdə dərslərin
gedişatı tamamilə fənlərdən asılıdır, məsələn, nəzəri
fənlərdə əsasən professorun mühazirələri üstünlük təşkil
edir. Daha çox idarəetmə, biznes mahiyyətli dərslərdə
isə tələbələrin aktiv iştirakı tələb olunur. İstifadə
olunan metodlar tamamilə dərsin təbiətinə
uyğunlaşdırılıb, hansı metod daha sürətli və
effektivdirsə, ondan da istifadə olunur. Professorlar
bir çox hallarda keçilən mövzulara uyğun şəkildə
mürəkkəblik qatırlar, yaxud bir neçə mövzunu inteqrasiya
edirlər.
“Ölkəmizin təbliğinə ciddi önəm verirəm”
Kaliforniya Berkli Universitetində təhsil alan
azərbaycanlı tələbə kimi ölkəmizin təbliğinə ciddi önəm
verirəm. Burada dünyanın 70-ə yaxın ölkəsindən olan
tələbələr müxtəlif təhsil pillələrində oxuyurlar. Hər
dəfə onlarla söhbətləşəndə ölkəmizin mədəniyyəti,
incəsənəti, habelə tarixi ilə bağlı faktları paylaşma
fürsətini qaçırmıram. Bir çox hallarda mənim onların
ölkələri barədə daha məlumatlı olmağımdan utanıb
internetdə ölkəmiz haqqında araşdırma aparan insanlarla
da rastlaşıram, belə hallar məni sevindirir. Artıq bir
çox yerli və xarici tələbə milli kimliyimiz, tariximiz,
incəsənətimiz, adət-ənənələrimiz barədə kifayət qədər
məlumata sahibdirlər. Hətta amerikalı bir yoldaşım
skripkada dahi Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik
parçasını, alman bir yoldaşım isə pianoda “Sənsiz”
romansını məharətlə çalmağı öyrənib. Bu nümunələri qeyd
etməkdə məqsədim odur ki, ölkəmizin müxtəlif sahələrdəki
zəngin irsini fərdi təbliğatda uğurla istifadə edə
bilməliyik. Mən hər bir tələbənin fərdi diaspora
fəaliyyətinin də uğurlu nəticələr verə biləcəyini
düşünürəm. Təbii ki, əksər hallarda bu, daha çox vaxt
aparır. Lakin burada olduğum müddət ərzində bunu
etməkdən əsla yorulmuram.
Əsas hədəfim cari tədris ilinin sonunadək bütün proqram
tələblərini bitirib magistr dərəcəsi almaqdır. Daha
sonra isə doktorantura təhsili almaq barəsində
düşünürəm. Qazandığım akademik təcrübə və bilikləri
gələcəkdə ölkəmizin universitetlərində və korporativ
mühitdə təlim-tədris sahəsində tətbiq etməyi vacib hesab
edirəm.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
Qeyd:
“Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
|