Türkiyənin
Antalya şəhərində keçirilən məktəblilərin və kollec
tələbələrinin VII Beynəlxalq bilik olimpiadasında
müxtəlif ölkələrdən olan məktəblilər öz istedad və
bacarıqlarını nümayiş etdiriblər. Bakı Modern Məktəbinin
VI sinif şagirdi Turqay Qaybalıyev də bu olimpiadaya
qatılaraq riyaziyyat və ingilis dili fənlərindən qızıl
medal qazanıb. Qeyri-adi istedad sahibi olan Turqayla
görüşüb təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik.
O dedi:
- Bütün elmlərin açarı riyaziyyatdır, - desəm, səhv
etmərəm. Bütün fənlərə marağım var. Amma riyaziyyatı
daha çox sevirəm. Artıq üç ildir ki, müxtəlif vaxtlarda
keçirilən beynəlxalq fənn olimpiadalarında iştirak
edərək uğur qazanmışam. 2015-ci ildə Bolqarıstanda
keçirilən beynəlxalq riyaziyyat olimpiadasının
turlarında iştirak edərək bürünc, gümüş medallara
layiq görüldüm. Cari ilin noyabr ayında Antalyada
keçirilən ingilis və riyaziyyat fənləri üzrə
olimpiadaya qatılaraq iki qızıl medal qazandım. Açığını
deyim ki, ingilis dili olimpiadasında çox həyəcanlı
idim. 37 sualdan 32-nə düzgün cavab yazıb 32 bal toplaya
bilmişdim. Məndən 2 bal az isə milliyyətcə erməni olan
Ukrayna məktəblisi toplamışdı. Nəticə ilə razılaşmadım
və apelyasiyaya ərizə ilə müraciət edib bir bal
qiymətimi qaldıra bildim. Həmin gün sevincimin
hədd-hüdudu yox idi. Axı, bu bilik yarışında erməni
məktəblisinə qalib gəlmişdim. Mənə medallar təqdim
olunanda qürur hissi ilə bayrağımızı havaya qaldırdım.
Müəllimlərimin, xüsusilə atamın etimadını doğrultdum.
Daha səylə çalışıb yaxşı oxumalıyam ki, hər zaman
bayrağımızı yüksəklərə qaldırım. Məni qarşıda daha çətin
sınaqlar, bilik yarışmaları gözləyir.
Turqaya biz də uğurlar arzulayırıq.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |