Dekabrın
8-də Bakı şəhəri Humanitar Fənlər Təmayüllü liseydə
xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, şairlər,
ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Liseyin direktoru Nəzakət Əsgərova tədbiri giriş sözü
ilə açaraq qonaqları salamlayıb və tədbirin
əhəmiyyətindən danışıb. Sonra musiqili bədii gecə
şagirdlərin ifasında rəngarəng tamaşalardan parçalar,
mahnılar və rəqslərlə müşayiət olunub. Azərbaycan
Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın
Nəriman Həsənzadənin sözlərinə yazılmış mahnıları ifa
etməsi tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanıb.
Şairlərdən Hacan Hacısoy,Osman Əhmədoğlu, Güllü Tomarova,
Sərvaz Hüseynoğlu, İbrahim İlyaslı, Əliağa Ərşadoğlu,
Səadət Novruzqızı və aşıq Cahangir Quliyev Nəriman
Həsənzadə yaradıcılığından söz açıb, şairlə bağlı
xatirələrindən danışıblar.
Təhsil Nazirliyinin nümayəndəsi Fəxri Məmmədli
tədbirin təşkilindən razı qaldığını bildirib və belə
tədbirlərin başqa məktəblərdə də keçirilməsinin
vacibliyini söyləyib.
Digər çıxış edənlər də şair haqqında öz fikirlərini,
xatirələrini şagirdlərlə bölüşüblər.
Xalq şairi Nəriman Həsənzadə şagirdləri maraqlandıran
sualları cavablandırıb və tədbiri hazırlayanlara öz
təşəkkürünü bildirib.
Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” |