Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Azərbaycan Dillər Universitetində “dəyirmi masa” keçirilib

 

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə ingilis dilinin leksikologiyası kafedrasının professoru Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunan “dəyirmi masa” keçirilib.

Öncə bu yaxınlarda “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva qonaqları “dəyirmi masa”da görməkdən şad olduğunu deyərək iştirak etdikləri üçün onlara təşəkkürünü bildirib və sözü tədbirin təşəbbüskarı Güllüzar Məmmədovaya verib.

Güllüzar Məmmədova kitabxananın fəaliyyəti haqqında ümumi məlumat verib, yeni-yeni layihələr üzərində işlədiklərini iştirakçıların diqqətinə çatdırıb. O, layihə çərçivəsində “dəyirmi masa”ların keçirilməsinin başlıca məqsədinin ADU alimlərinin, professorlarının yaradıcılığını işıqlandırmaq, layiqincə təbliğ etmək olduğunu söyləyib. Artıq kitabxananın fəaliyyətində ənənəyə çevrilən belə görüşlərdən birinin də professor Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunduğunu deyən  G.Məmmədova onun zəngin yaradıcılığından, dilçilik sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra ADU-nun ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli Ə.Hacıyevanın yüksək elmi-pedaqoji nailiyyətlərə sahib olan professor, eyni zamanda fədakar, orijinallığa meyilli, işinin öhdəsindən layiqincə gələn tədqiqatçı olduğunu bildirib.

Ə.Hacıyevanın “dəyirmi masa”da iştirak edən tələbələri tərəfindən onun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, eyni zamanda onlar müəllimlərinin kitablarına istinadən təqdimatla çıxış ediblər.

Sonra “dəyirmi masa”da iştirak edən ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ingilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, II xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, ingilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, dosent Misgər Məmmədov, fransız dili kafedrasının professoru Çəmən Babaxanova Ə.Hacıyevanın araşdırmalarından, tədqiqatlarından, yaradıcılığının müxtəlif dövrlərinə aid kitab və məqalələrindən, hərtərəfli inkişaf etmiş alim olmasından danışıblar, eyni zamanda  bütün bu elmi fəaliyyətlə yanaşı gözəl ailə başçısı, yüksək insani keyfiyyətlərə malik xanım olduğunu qeyd ediblər.

Sonda çıxış edən professor Əzizə Hacıyeva onun yaradıcılığını yüksək qiymətləndirdiklərinə görə hər kəsə təşəkkürünü bildirib.  

 Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov