Dekabrın
5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərb
Universitetinin birgə təşkilatçılığı ilə ümummilli
lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş
“Qloballaşan dünyada dəyişən gender rolları” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib. Konfransı açıq elan
edən universitetin rektoru, dosent Zenfira Məmmədova
iştirakçıları salamladıqdan sonra tədbirin
əhəmiyyətindən söz açıb. Azərbaycanda gender
bərabərliyinin təmin edilməsi istiqamətində atılan
addımlar barədə geniş məlumat verən rektor qadınların
cəmiyyət həyatında xüsusu rolundan, onların təhsil
almasının vacibliyindən söz açıb. O, çıxışında ümummilli
liderimiz Heydər Əliyevin qadınların hüquqlarının
qorunmasına və ictimai fəaliyyətlərinin
aktivləşdirilməsinə çox önəm verdiyini qeyd edib.
Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,
Milli Məclisin komitə sədrləri, siyasi elmlər doktoru,
professor Aqiyə Naxçıvanlı, professor Hadi Rəcəbli,
millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın
Mirzəzadə qloballaşma dövründə ölkəmizdə gender
siyasətinin uğurla davam etdirilməsi və bu sahədə mövcud
problemlərin həlli yollarından danışıblar. Qeyd olunub
ki, ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət
nəticəsində qadınların dövlət strukturlarında fəallığı
xeyli güclənib. Çıxışlarda Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu
sahədə gördüyü işlər xüsusi vurğulanıb. Bildirilib ki,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti
beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə yönəlməsinə
imkan yaradıb.
Gender, əmək və ailə, gender və səhiyyə, gender elm və
təhsil, müharibə dövründə qadınlar və zorakılıq, gender
və liderlik, gender və KİV, gender və miqrasiya
mövzularının müzakirə olunduğu konfransda Türkiyə,
Rusiya, Qazaxıstan, Belarus və ABŞ-dan olan
nümayəndələr iştirak ediblər.
Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi” |