Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş “Məzun evi”ndən reportaj

 

Böyütmək üçün seçinHeydər Əliyev Fondunun təşəbbüsü ilə bu günlərdə Abşeron rayonu Masazır kəndində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, internat məktəblərindən ayrılmış gənclər üçün 13 mərtəbəli, 120 mənzilli bina- “Məzun evi”  istifadəyə verilib. Bina yüksək keyfiyyətlə təmir olunub. Sakinlərin yaşayışı üçün zəruri olan avadanlıqlarla təmin edilib. Yaşayış binasının 1-ci mərtəbəsində ayrı-ayrılıqda kişi və qadın bərbərxanası, 50 yerlik kafe, kafenin mətbəxi, qabyuma otağı, sanitar qovşağı, bununla yanaşı lift xolu və dəhliz yerləşir. Binanın zirzəmisində böyük trenajor və stolüstü tennis zalları, soyunma və məşqçi otağı, sanitar qovşağı, istilik və elektrik məntəqəsi yerləşir. Oxucularımızı bina və orada yaşayan sakinlərlə yaxından tanış etmək məqsədilə “Məzun evi”nə yollandıq. Yeni yaşayış massivində məskunlaşan internat məktəblərinin məzunları ilə söhbətləşdik. 

Taleh Sultanov: “Televizor, soyuducudan tutmuş duz qabına qədər hər şey verilib”  

Hazırda nə atam, nə də ki, anam var. Anam mənim 5 yaşım olanda rəhmətə gedib. Nənəm bizi Maştağada yerləşən 1 nömrəli internat məktəbinə gətirib. 2000-ci ilə qədər, yəni nənəm sağ olana kimi internata yanımıza gəlib-gedirdi. Ondan sonra heç bir qohum-əqrəba ilə əlaqəmiz yoxdur. İki qardaş, bir bacıyıq. Qardaşımla birgə internat məktəbində oxuyub yaşamışıq. O məndən böyükdür. İnternatı bitirəndən sonra neftdə işləməyə başladı. Qardaşıma neftdə işlədiyi üçün Mehriban xanım Əliyeva tərəfindən ev verilib. Hazırda qardaşım ailəsi ilə birgə 8-ci kilometrdə öz evində yaşayır. Mən də internat məktəbini bitirdikdən sonra peşə məktəbində xarrat-dülgər sənətinə yiyələndim. Sonra əsgəri xidmətə yollandım. Əsgərliyi başa vurduqdan sonra demək olar ki, heç nəyim yox idi. Başladım öz sənətim üzrə işləməyə. Evlərdə günəmuzd şəkildə usta, hərdən də fəhlə kimi çalışıb bir tikə çörəyimi qazanırdım.  Həmin vaxtlarda kirayədə qalırdım. İşimiz olmayanda kirayə pulunu ödəməkdə çətinlik çəkirdim. Pulum olmayanda utana-utana bacımgildə qalırdım. Bir gün mənə zəng gəldi və ev verildiyini bildirdilər. İnanın ki, çox sevinirdim. Çünki son vaxtlar məndə həyata bir ümidsizlik yaranmışdı. Bu dünyaya niyə gəldiyimi, bu qədər əzab-əziyyət çəkməyimin səbəblərini axtarırdım. Cəmiyyətdə normal insan kimi yaşamağımın nə qədər çətin olduğunu düşünürdüm. Allah Prezidentimiz İlham Əliyevdən və xanımı Mehriban Əliyevadan razı olsun. Çox sağ olsunlar, onların sayəsində ümidsizlikdən qurtuldum. Həyata, yaşamağa məndə yeni həvəs, stimul yarandı. Bu gün mənim artıq öz evim var. Heç kimin yanına sıxıla-sıxıla getmirəm. Kirayəni necə ödəyəcəyəmi fikirləşmirəm. Bilirsiz, bu nə qədər böyük bir yükdən azad olmağımızdır. İndi burada işlə də təmin olunmuşam. Binanın liftinə nəzarət edirəm.

Evlərimiz çox yüksək səviyyədə tikilib. Tam təmirlidir. Yaşamaq üçün normal şərait yaradılıb, məişət əşyaları ilə təmin olunub. Televizor, soyuducudan tutmuş duz qabına qədər hər şey verilib. Bir daha fürsətdən istifadə edib bizə yaradılan şəraitə görə ölkə başçımız cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.


Böyütmək üçün seçinNüranə Cabbarova: “Artıq həyatımın ən şirin anlarını yaşayıram” 

Əslən Zəngilan rayonundanam. 1992-ci ildə anadan olmuşam. Maştağadakı 1 nömrəli internat məktəbinin məzunu olduqdan sonra peşə liseyində təhsil almışam. Valideynlərimdən və qohum-əqrəbamdan xəbərim yoxdur. Məktəbi bitirəndən sonra dərziliklə məşğul olurdum. Sağ olsunlar, mənə məktəbdə sığınacaq vermişdilər. Orada qalırdım. Tikiş işləri ilə də demək olar ki, məktəbdə məşğul olurdum. Məktəb rəhbərliyi məni həmişə  diqqətdə saxlayıb. Yerim-yurdum olmadığı üçün mənə daim qayğı göstərib. Ev almaq xəbərini eşidəndə, sözün əsl mənasında, nə edəcəyimi bilmədim. Donub qalmışdım. Yatsam yuxuma da girməzdi ki, mənim şəxsi evim olacaq. Özümün televizorum, soyuducum olacaq və mən istədiyim zaman bu əşyalardan istifadə edəcəyəm. Bunlar mənim üçün əlçatmaz idi. Şükürlər olsun bu günə ki, artıq şəxsi evim və əşyalarım var. Bütün bunlara görə Prezidentimiz İlham Əliyevə, Mehriban xanım Əliyevaya nə qədər təşəkkür etsəm yenə də azdır.  Artıq həyatımın ən şirin anlarını yaşayıram. Məktəbimizdən tanıdığım bir oğlanla nişanlıyıq. İnşallah, yaxın müddətdə toyumuz olacaq. Biz bərabər bu evdə yaşayacağıq. Düşünürəm ki, evimiz olandan sonra yaşamaq bir o qədər də çətin olmaz. Mən də burada xadimə işləyirəm. Nişanlım da fəhləliklə məşğuldur.  Bizə yeni həyat qurmaqda köməklik edənlərə təkrar təşəkkürümü bildirirəm.


Böyütmək üçün seçinSeymur İslamov: “Ölkə başçısına və xanımına minnətdarlığımı bildirirəm” 

11 nömrəli inteqrasiya təlimli internat məktəbini bu il bitirmişəm. Valideynlərimin hər ikisi rəhmətə gedib. Dövlətdən başqa heç bir yerdən dəstək almıram. Məktəbi bitirdikdən sonra Bilgəh qəsəbəsində bir qadın mənə öz evində sığınacaq vermişdi. Həmin qadın mənimlə nə qədər nəvazişlə və mehribanlıqla rəftar eləsə də yenə də orada yaşamaqdan utanır və sıxılırdım. İnternat məktəbi bitirməyimə baxmayaraq məktəbimizin direktoru Gülnarə xanım daim bizimlə əlaqə saxlayır, diqqət və qayğısını əsirgəmirdi. Nəhayət, bir gün Gülnarə xanım mənə yenə zəng elədi və evlə təmin olunduğumu bildirdi. Doğrusu, telefonda quruyub qaldım. Sevincimdən danışa bilmirdim. Mənə Masazır kəndinə gəlməyi və mənzilin açarlarını təhvil almağı dedilər. Beləliklə, bura gəldik və mənzilləri təhvil aldıq. Fürsətdən istifadə edərək bizə belə şəraiti yaradan dövlət başçımız İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. 

Mənzillərimiz çox yüksək səviyyədə təmir olunub. Yaşamaq üçün hər bir şərait mövcuddur. Məişət əşyaları da yüksək səviyyədədir. Sağ olsun, internat məktəbimizin kollektivi də bizə baş çəkərək soyuducularımızı doldurub. Bol çeşidli ərzaq məhsulları ilə bizə qonaq gəliblər.

Çalışacağam ki, dövlətimizin mənə göstərdiyi diqqət və qayğını, güvəni boşa çıxarmayım. Layiqli vətandaş kimi dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edim.


Fərid Quliyev: “Mənzilə daxil olarkən sevincimdən hönkür-hönkür ağladım” 

1993-cü ildə anadan olmuşam. Atam Bakı şəhərindən, anam isə Balakən rayonundandır. Mərdəkanda yerləşən 2 nömrəli internat məktəbinin məzunu olmuşam. 9-cu sinfi burada bitirdikdən sonra 18 nömrəli peşə liseyində təhsilimi davam etdirdim. Sonra məni Binədə yerləşən peşə liseyinə göndərdilər. Peşə liseyində oxuyarkən həmin liseyin yataqxanasında qalırdım. Liseyi bitirdikdən sonra isə Sabunçuda kirayədə yaşayırdım. Oteldə barmen işləyirdim. Qazandığım pulun böyük hissəsi ilə kirayəni ödəyirdim. Bir qarnım ac, bir qarnım tox dolanırdım. Bütün çətinliklərə baxmayaraq çalışırdım ki, həyatda dik dura bilim. İnternat məktəbdən bizə ev verəcəklərini bildirmişdilər. Məktəb rəhbərliyi həmişə telefonumuzu açıq saxlamağı, nömrəmizi dəyişməməyi deyirdi. Səmimi deyim ki, ümidim yox idi ki, mənə ev versinlər. Bir gün kirayə qaldığım evdə oturub xəyallara dalmışdım. Gələcəyimlə bağlı şirin xəyallar qururdum ki, telefonuma gələn qəfil zəng məni xəyallardan oyatdı. Zəng edən 2 nömrəli internat məktəbinin direktoru idi. Mənə ev verildiyini və səhər tezdən Masazır kəndində olmağımı bildirdikdə sevincimin hədd-hüdudu yox idi. Bu xəbər mənim həyatımda ən xoş xəbər idi. Həmin günü sevincimdən gecə yata bilmədim. Səhərin açılmağını səbirsizliklə gözləyirdim. Nəhayət, səhər açıldı və mən Masazır qəsəbəsinə gəldim. Püşkatma yolu ilə evləri bizə təqdim etdilər. Keçirdiyim hissi sözlə ifadə etmək mümkün deyildi. Mənzilə daxil olarkən sevincimdən hönkür-hönkür ağladım. Təsəvvür edirsizmi, mənim artıq öz evim, öz yuvam var idi. Bu hissi mənə yaşatdıqlarına görə Prezidentimiz İlham Əliyevə, onun xanımı, daim bizim yanımızda olan Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, öz doğma valideynlərimiz bizi tərk etsə də, şükürlər olsun ki, qayğımıza qalan, problemlərimizi daim düşünən dövlətimiz var. Mən fəxr edirəm ki, Azərbaycan kimi ölkədə yaşayıram.

Artıq bir neçə gündür ki, burada yaşayıram. Sağ olsunlar, məni işlə də təmin ediblər. Yaşadığımız binanın mühafizə xidmətində çalışıram. Hazırda özümü xoşbəxt hiss edirəm.


Böyütmək üçün seçinElçin Sultanov: “Övladımın öz şəxsi evimdə anadan olacağına görə çox sevinirəm” 

1993-cü ildə anadan olmuşam.  1 nömrəli internat məktəbində oxumuşam. Peşə liseyində qaynaqçı peşəsinə yiyələndikdən sonra əsgəri xidmətə yollandım. Xidmətimi bitirdikdən sonra isə müstəqil həyata başladım. Kafelərin birində ofisiant işləyirdim. Elə kafedə də qalırdım. Sonra ailə qurmaq haqqında düşündüm. Sevdiyim bir xanımla evləndim. Artıq kirayə ev tutmaq məcburiyyətində idim. Bu müddət ərzində dayılarım da mənə müəyyən köməklik göstərirdi. Lakin buna baxmayaraq çətinliklər çəkirdim. Az miqdarda qazandığım pul kirayə ödəməyə və minimum gündəlik xərclərə yetmirdi. Pis günün ömrü az olar, deyiblər. Doğrudan da belə oldu. Heç gözləmədiyim halda mənə zəng gəldi və evlə təmin olunduğumu bildirdilər. Tez yoldaşıma zəng elədim və sevincimi onunla bölüşdüm. Nəhayət, bizi bu binaya gətirdilər. Binanın təntənəli surətdə açılış mərasimi oldu. Mənzillərin açarlarını bizə təqdim etdilər. Mənzilə daxil olanda çaş-baş qalmışdıq. Evdə demək olar ki, hər şey var idi. Yoldaşımla birgə ən sevincli günümüzü yaşayırdıq. Artıq bizim öz şəxsi evimiz var idi. Kirayələrdən canımız qurtarmışdı. Bir şeyi də nəzərə çatdırım ki, yaxın müddətdə biz özümüz valideyn olacağıq. Bu baxımdan, övladımın öz şəxsi evimdə anadan olacağına görə çox sevinirəm. Bu, çox gözəl və unudulmaz hisslərdir. Uzun illər xiffət çəkərək yaşasam da hazırda özümü güclü, xoşbəxt hiss edirəm. Çünki arxamızda bizə dəyər verən, bizi həmişə dəstəkləyən böyük, qüdrətli dövlətimiz var. Fürsətdən istifadə edib həm öz adımdan, həm də həyat yoldaşım adından ölkə başçımız İlham Əliyevə, həmişə bizlərə ana qayğısı göstərən Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”
Fotolar Rəşad ZİYADOVUNDUR

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov