Dekabrın
7-də Bakı şəhərindəki 60 nömrəli tam orta məktəbdə
məktəb icmalarının yaradılması üzrə pilot layihənin
təqdimatı keçirilib.
Təqdimatda bildirilib ki, şagird, valideyn və
müəllimlərin birliyindən ibarət olan məktəb icmaları
məktəb həyatını birlikdə daha yaxşı etmək üçün
yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik,
inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb
icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri
daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət
sahələri üzrə komitələr rəhbərlik edir.
Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3
sinfində sinif və məktəb icmalarının yaradılmasına
dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə
layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların
ilk birgə iclaslarının keçirilməsinə kömək edib.
Hazırlıq dövründə pilot layihənin icra olunduğu
məktəblərdə valideynlərin də fikirləri öyrənilib və
nəzərə alınıb.
Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial
şəbəkəsi yaradılıb və icma üzvləri
www.community.az saytı vasitəsilə virtual
ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər.
Artıq icmalar yaranan məktəblərdə ilkin müsbət nəticələr
qeydə alınır. Belə ki, icmaların fəaliyyəti nəticəsində
məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə
dəyişikliklər var. Valideynlər məktəb həyatında daha
fəal şəkildə iştirak etməyə çalışırlar. Qeyd olunub ki,
indi uğurlu məktəb formulu valideyn, şagird və
müəllimlərin birgə məktəb həyatında iştirakına çox
bağlıdır. Tərəflərdən birinin prosesdən kənarda qalması
lazım olan nəticəni almağa imkan vermir.
Daha sonra təqdimatda 60 nömrəli orta məktəbdə
yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat
verilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot
layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin
54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.
Layihənin həyata keçirilməsinə qədər olan mərhələdə
“Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati
tədbirlər görülüb, valideyn və müəllimlər üçün
tədris-seminarlar təşkil olunub.
www.edu.gov.az |