Sual:
Təhsilin formaları və təhsilalma formaları dedikdə nə
başa düşülür?
Cavab:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
12-ci maddəsinə görə ölkəmizdə təhsilin aşağıdakı
formaları tətbiq olunur:
1. formal;
2. qeyri-formal;
3. informal.
Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə
başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk
peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil,
yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas
təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa
çatdığı üçün formal təhsil hesab edilir.
İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə
yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil
isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi
məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin
verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Həmin Qanunun 13-cü maddəsinə əsasən isə respublikamızda
aşağıdakı təhsilalma formaları müəyyən edilir:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat).
Sərbəst (eksternat) təhsil dedikdə müxtəlif səbəblərdən
ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və
ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini
vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma
formasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il
24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş
“Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na
görə distant və eksternat formada bakalavr hazırlığı
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunan əsasnamələr əsasında həyata keçirilir.
Lakin qeyd olunan əsasnamələr bu günədək təsdiq
edilməmişdir.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin
normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil
müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı
ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Yuxarıda qeyd olunan təhsilalma formaları çərçivəsində
evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
Zəruri hallarda, müasir təhsil texnologiyalarından
istifadə etməklə Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada digər
təhsilalma formaları da tətbiq edilə bilər.
Sual:
Təhsil müəssisələrində tədris dili hansı dildir?
Cavab:
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsinə görə Azərbaycan Respublikasının təhsil
müəssisələrində tədris dili dövlət dili - Azərbaycan
dilidir. Vətəndaşların və təhsil müəssisəsi
təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda
(Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr və ya Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə razılaşma əsasında) ümumi təhsil
müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı,
Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri
tədris olunmaqla tədris müvafiq dövlət təhsil
standartları əsasında digər dillərdə də aparıla bilər.
Eyni zamanda Azərbaycan dilini zəif bilən təhsilalanlar
üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən
etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq
sinifləri və kursları təşkil olunur.
Sual:
Müəllimin peşə fəaliyyətində gözləməli olduğu etik
davranış prinsipləri hansılardır?
Cavab:
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının
2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı ilə
təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”na
əsasən müəllim peşə fəaliyyətində aşağıdakı etik
davranış prinsiplərini gözləməli və tələblərə ciddi
şəkildə əməl etməlidir:
1. Qanunun aliliyi - müəllim vəzifə
funksiyalarının icrası zamanı Azərbaycan Respublikası
Konstitusiyasının, Azərbaycan Respublikasının
qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan
hüquqlarına və demokratik prinsiplərə əməl etməyə
borcludur.
2. Vicdanlılıq - müəllim cəmiyyət və dövlətin
maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və
səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi
olmalıdır.
3. Peşəkarlıq və fərdi məsuliyyət - müəllim öz
fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar
səviyyədə yerinə yetirməyə borcludur və vəzifə
funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə
intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti
və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin,
cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və
təhsil işçilərinə inamını artırmalı və
möhkəmləndirməlidir.
4. Loyallıq - müəllim onun peşə vəzifəsinə aid
olmadığı hallarda işlədiyi və digər təhsil
müəssisələrinin, dövlət orqanlarının, onların
rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz
fəaliyyət istisna olmaqla) tənqidi ictimai
mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə
ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə
fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə
təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə
biləcək hərəkətlərə yol verməməlidir.
5. Mədəni davranış - müəllim təhsilalanlarla,
rəhbərlik və həmkarları ilə davranışında nəzakətli,
xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri
qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə
çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı,
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi
fikir verməli, hər zaman səliqəli olmalıdır.
6. Qərəzsizlik - müəllim peşə vəzifəsini yerinə
yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə,
dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və
təhsil prosesinin digər iştirakçılarına fərq
qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona
təsir etməsinə yol verməməli və buna şərait
yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və
səlahiyyətlərindən kənar məsələlərə müdaxilə
etməməlidir.
7. İctimai etimad - müəllim peşə nüfuzunu
möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca
tutmağa borcludur. Müəllim etik davranış qaydalarını
pozduğu halda pozuntunu tez bir zamanda aradan
qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır.
Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə
kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla
müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək
göstərməlidir.
8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin
icrası ilə bağlı təhsilalanların, onların
valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı
barədə ona məlum olan məlumatların konfidensiallığını
təmin etməlidir.
Sual:
Hansı hallarda əmək müqaviləsi sınaq müddəti müəyyən
edilmədən bağlanılır?
Cavab:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci
maddəsinə görə əmək müqaviləsi işçinin peşəkarlıq
səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək
bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən
edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq
olmamaq şərti ilə müəyyən edilir.
Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını
icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək
qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta
əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq
müddətinə daxil edilmir.
Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq
müəyyən edilmədən bağlanmış hesab olunur.
Aşağıdakı işçilərlə əmək müqaviləsi bağlanılarkən sınaq
müddəti müəyyən edilmir:
- yaşı 18-dən az olan şəxslərlə;
- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara,
habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi)
üzrə ilk dəfə işə götürülən şəxslərə;
- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan
şəxslərə;
- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.
Sual:
Etibarnamə nədir və hansı müddətə verilə bilər?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci
maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında
təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə
sayılır.
Notarial forma tələb edən əqdlərin bağlanması üçün
etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
Əməkhaqqının və əmək münasibətləri ilə bağlı digər
haqların, müəlliflərin və ixtiraçıların haqlarının,
pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki
şəxslərin banklardakı əmanətlərinin və poçt
göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması
üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil
aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra
hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə
müəssisəsinin müdiriyyəti tərəfindən də təsdiqlənə
bilər.
Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya
nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası
ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.
Teleqrafla, habelə sənədin rabitə işçisi tərəfindən yola
salındığı digər rabitə növləri ilə göndərilən etibarnamə
rabitə orqanları tərəfindən təsdiqlənir.
Üçüncü şəxslər onların barəsində hərəkətlərin edilməsi
üçün verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının
vasitəçiliyi olmadan faksimile və digər rabitə
vasitəsilə müvəkkilə göndərdiyi etibarnaməni həqiqi saya
bilərlər.
Etibarnamə istənilən müddətə verilə bilər. Əgər
etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən
bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix
göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə
tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə
notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş
şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu
nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə
bilməz.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi
|