Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

Tələbələr forum haqqında nə düşünürlər?

 

Dekabrın 4-5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə II SABAH Forumu keçirildi. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır. Biz də forumda iştirak edərək tələbələrin SABAH qrupları və forum haqqında fikirlərini öyrəndik.

 

Arzu ALLAHVERDİYEV,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi  

Bu forum əsasında çox biliklər əldə etdim. SABAH qruplarının əhəmiyyətini daha çox dərk etdim. Keçirilən “ustad dərs”lərin mənə karyeramın qurulması baxımından stimul verəcəyini düşünürəm. “Səndə bir brendsən” mövzusunda keçirilən “ustad dərs”i çox yüksək qiymətləndirirəm. Bundan başqa, forumda tanınmış şəxslərlə ünsiyyətdə olduq. Onlardan karyeralarını necə qurduqlarını, uğur əldə etmək üçün nələr etmək lazım olduğunu öyrəndik. Qısa müddət olmasına baxmayaraq, onlardan çox şey öyrəndik. Belə bir forumun iştirakçısı olduğum üçün özümü xoşbəxt hiss edirəm. Forumun gələcəkdə də tez-tez təşkil olunmasını arzulayıram.


Aygün ADAMOVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin II kurs tələbəsi 

SABAH qruplarında birinci ildir ki, təhsil alıram. Yaradılan şəraitdən maksimum istifadə edirəm. Belə ki, SABAH qruplarının yataqxanasında qalır, əlavə təqaüdlərdən istifadə edirəm. SABAH qruplarında hər şeyin yüksək dərəcədə olduğunu düşünürəm. İstər tədris baxımından, istərsə də təminat cəhətdən bütün məsələlər yüksək səviyyədədir. Foruma gəldikdə isə fikrimcə, belə tədbirlər biz tələbələrin dünyagörüşünün inkişafına daha çox müsbət təsir edir. Forum bir daha təsdiq etdi ki, SABAH qruplarını seçməkdə yanılmamışıq. Təhsil Nazirliyinin nümayəndələri ilə səmimi münasibətdə olmağımız,  biz tələbələrə verdikləri dəyər  mənə əlavə stimul verdi.


Humay CAVADZADƏ,

Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi 

Artıq iki ildir ki, SABAH qruplarında təhsil alıram. SABAH qruplarında müəllimlər bizə daha çox fərdi yanaşırlar. Suallarımızı yeni metodlarla cavablandırırlar. Bu bizim təhsilimizə çox müsbət təsir edir. Bu qruplarda təhsil alarkən əlavə seminar və təlimlərdə iştirak edirik ki, bu da bizim həm dünyagörüşümüzün artmasına, həm də şəxsiyyət kimi formalaşmağımıza müsbət təsir edir.  Forum haqqında isə onu deyə bilərəm ki, mən şəxsən ikinci dəfədir bu forumda iştirak edirəm. Forumlar hər biri rəngarəngliyi, səmimi mühiti ilə bizə əlavə stimul verir. Bundan başqa, “ustad dərs”lərdə səmimi söhbətlər apardıq,  ətraflı məlumatlar əldə etdik.


Vüsalə KƏRİMOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi 

SABAH qruplarında təhsil almağın bir çox üstünlükləri var. Burada mühit bir az fərqlidir. Belə ki, tələbə ilə müəllim arasında dost münasibəti var. Bundan başqa, tələbələr öz fikirlərini sərbəst şəkildə yürüdə bilirlər. Forumla bağlı isə onu deyə bilərəm ki, hər şey mükəmməl idi. İki gün içində tamamilə fərqli bir mühitdə idik. Forumun gündəlik proqramı da yüksək səviyyədə tərtib edilmişdir. Yorucu deyildi. Bu baxımdan, təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm.

 Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov