Dekabrın 10-da Bakı şəhərindəki Texniki Humanitar
Liseydə Azərbaycan Milli Elmlər Akademiyası Polimer
Materialları İnstitutunun direktoru, akademik Akif
Əzizov ilk nümunəvi dərs tədris edib.
Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri
Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi
mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla
bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq təşkil edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş
razılaşmaya əsasən, bu dərsləri AMEA-da çalışan tanınmış
alimlər tədris edəcək.
Nümunəvi dərslərin tədrisi üçün paytaxtın 26 ümumi
təhsil müəssisəsi seçilib. Həmin müəssisələrdən 17-də
fənn laboratoriyaları fəaliyyət göstərir ki, bu da
dərsləri əyani tədris etmək imkanı yaradacaq. Digər 4
müəssisə 2015-ci ildə əsaslı təmir olunan təhsil
ocağıdır. Tarix və humanitar yönümlü nümunəvi dərslərin
tədrisi üçün 5 ümumi təhsil müəssisəsi seçilib.
Akademik A.Əzizov Texniki Humanitar Liseyin kimya
laboratoriyasında 9-cu sinif şagirdlərinə kimya fənni
üzrə nümunəvi dərs tədris edib, şagirdləri maraqlandıran
sualları cavablandırıb.
Məktəblilərin elmə marağının artırılmasının
önəminə diqqət çəkən akademik A.Əzizov bildirib ki, elm
və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik
kadrların yetişməsinə imkan yaradır. Akademik ölkəmizdə
təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltmək üçün
xüsusi addımlar atıldığını deyib və bu baxımdan “Elmdən
Təhsilə” adlı məqsədli proqramın əhəmiyyətini
vurğulayıb. A.Əzizov ölkə iqtisadiyyatında kimya
sənayesinin rolu, bu sahənin dünya miqyasında
perspektivli bir istiqamət olduğunu vurğulayıb.
Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən
A.Əzizov son illər ölkəmizdə neft-kimya sənayesinin
sürətlə inkişaf etdiyini, yeni və müasir istehsal
sahələrinin yaradılması prosesinin geniş vüsət aldığını
bildirib.
Dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində
“Nobel həftəsi” çərçivəsində dəyərli elmi tədqiqatlara,
ixtiralara, mədəniyyət və cəmiyyətin inkişafındakı
xidmətlərinə görə verilən “Nobel” mükafatının
sahiblərinə təqdim ediləcəyini deyən akademik bu
mükafata layiq görülən kimyaçı alimlər haqqında da
şagirdlərə məlumat verib.
Nümunəvi dərsdə Təhsil Nazirliyinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri
və KİV nümayəndələri iştirak edib.
www.edu.gov.az |