Dekabrın
11-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
xatirəsinə həsr olunmuş tədbir keçirilib. Maraqlıdır ki,
institutun adının dəyişməsindən sonra elə ilk tədbir də
məhz ümummilli liderimizə həsr olunub. Tədbirdə
institutun professor-müəllim heyəti, Gənclər
təşkilatının üzvləri, təhsil ictimaiyyətinin və KİV-in
nümayəndələri iştirak edirdilər. Ümummilli lider Heydər
Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən
sonra institutun rektoru, professor Asəf Zamanov tədbiri
giriş sözü ilə açaraq bildirdi ki, ulu öndər on iki il
öncə əbədiyyətə qovuşmuşdur. Lakin bu on iki ilin hər
ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur.
Çünki bu müddət ərzində Heydər Əliyevin siyasəti uğurla
davam etdirilmişdir. Azərbaycan böyük nailiyyətlərə imza
atmışdır.
Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində
Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə
çevrilmişdir. Azərbaycanın ən yeni tarixinin hər bir
məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və
siyasi fəaliyyəti ilə sıx bağlıdır. İllər ötdükcə biz
onu daha dərindən dərk edirik.
Vurğulandı ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün
dövrlərdə Azərbaycan xalqının xoşbəxt gələcəyi haqqında
düşünərək, ölkədə intellektual potensialın formalaşması
üçün bilikli və savadlı kadrların hazırlanmasına şərait
yaradırdı. Əgər 1969-cu ildə SSRİ-nin aparıcı ali
məktəblərinə təhsil almağa göndərilən gənclərin sayı 50
nəfər idisə, 1981-ci ildə Azərbaycanın elmi-tədqiqat
institutlarından, ali məktəblərindən göndərilən yuxarı
kurs tələbələrini, aspirant və doktorantları da nəzərə
alsaq, onların sayı 1200-dən çox idi.
Rektor onu da qeyd etdi ki, ümummilli lider Heydər
Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına
daim xüsusi diqqət yetirmiş, elmi elitanın
formalaşmasında müstəsna xidmət göstərmişdir. Bu siyasət
hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Asəf müəllim onu da qeyd etdi ki, institutumuzda sağlam
mühit yaradılmışdır. Bunu institutumuzun getdikcə artan
elmi və elmi-pedaqoji kadr potensialından, beynəlxalq
səviyyədə əldə etdiyimiz uğurlardan da aydın görmək
mümkündür. Xüsusən ölkə başçısı cənab İlham Əliyevin
bütün sahələrdə olduğu kimi, elm və təhsilə göstərdiyi
diqqət və qayğı bu uğurları daha da artırır. Məhz bunun
nəticəsidir ki, Təhsil Nazirliyinin dəstəyi ilə
institutumuz əsaslı təmir olunur. Bu quruculuq, abadlıq
işləri ölkəmizin inkişafı ilə bağlıdır. Bizim üzərimizə
düşən məsuliyyət isə bu cür münbit şəraitdən istifadə
edib fəaliyyətimizin faydalı iş əmsalını yüksəltməkdir.
İstəyimiz odur ki, ölkə başçısı cənab İlham Əliyevin
bizə olan diqqət və qayğısını doğruldaq, bizim üçün
yaradılmış bu əlverişli şəraitdən düzgün istifadə edək,
xalqımıza, dövlətimizə fayda verək.
Tədbirdə pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər
namizədi Fikrət Əliyev, ixtisasartırma fakültəsinin
dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Polad Mədədov,
təbiət elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə
doktoru Yusif Alıyev, elmi katib Nisə Cəlilzadə, Gənclər
təşkilatının sədri Tural Quliyev və başqaları çıxış
edərək Heydər Əliyev irsinin Azərbaycan xalqının, o
cümlədən gənclərin həyatındakı əhəmiyyətini
vurğuladılar.
Mətbuat xidməti |