Dekabr
ayının 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində
(ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anım
mərasimi keçirilib. Öncə universitetin rəhbərliyi,
professor-müəllim heyəti və tələbə kollektivi Fəxri
xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət
edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə
Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı
önünə gül dəstələri qoyulub. Sonra universitetin böyük
akt zalında ulu öndərin anım mərasimi keçirilib. Anım
mərasimində ilk olaraq Azərbaycanın Dövlət himni
səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm
xadimi, professor Yusif Məmmədov anım mərasimində çıxış
edərək bildirib ki, xalqımızın böyük oğlu, türk
dünyasının görkəmli siyasət və dövlət xadimi, ulu
öndərimiz Heydər Əliyevin vəfatından 12 il keçir.
2003-cü il dekabr ayının 12-i, sözün həqiqi mənasında,
xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür.
Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər
rəhbərini itirmişdi. Qədirbilən xalqımız böyük kədər və
sıxıntı içində öz müdrik, vətənpərvər rəhbəri ilə
vidalaşırdı. Hamı bir nəfər kimi ulu öndərə öz mənəvi
borcunu vermək üçün Fəxri xiyabana üz tutmuşdu, dahi
liderimizə olan ümumxalq sevgisi, ümumxalq məhəbbəti
özünü hər yerdə göstərirdi.
Diqqətə çatdırılıb ki, ulu öndərimiz Heydər Əliyevin
vəfatı eyni zamanda bütün dünyada böyük əks-səda
doğurmuşdu. Dünyanın böyük və aparıcı dövlətlərinin
rəhbərləri, ən məşhur şəxsləri, tanınmış siyasətçiləri
Heydər Əliyevlə vidalaşmaq üçün Bakıya gəlmişdilər.
Ümummilli liderimizin vəfatı ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə
ünvanlanan məktub və teleqramların sayı-hesabı yox idi.
Rektor Y.Məmmədov çıxışının sonunda bildirib ki,
qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyevin
xatirəsini, onun dövlətçilik ideallarını əziz
tutacaqdır.
Mərasimdə Türk Xalqlarının Ümumdünya Konqresinin
prezidenti Hacı Yəhya Caniyar və qazaxıstanlı akademik,
iqtisadçı, yazıçı-publisist, Qazaxıstan Jurnalistlər
İttifaqının üzvü Baxit Xoca Rüstəmov çıxış edərək Heydər
Əliyevlə bağlı xatirələrini bölüşüb, ulu öndəri bütün
türk dünyasının məşhur siyasi xadimi, görkəmli dövlət
rəhbəri kimi səciyyələndiriblər.
Anım mərasimində müdrik şəxsiyyət Heydər Əliyevin
həyatından bəhs edən kinosüjetlər göstərilib. Filologiya
fakültəsinin III kurs tələbəsi Nərmin Səlimova xalq
şairi Zəlimxan Yaqubun “Prezident ömrünün son saatları”
şeirini söyləyib.
Mətbuat və informasiya şöbəsi |