Naxçıvan
Dövlət Universitetində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim
keçirilib. Yeni Azərbaycan Partiyası universitet
şəhərciyi ərazi ilk təşkilatının fəal iştirakı ilə
gerçəkləşdirilən tədbirdə universitetin rektoru,
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə
çıxış edərək bildirib ki, dünyaşöhrətli siyasi xadim,
böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı misilsiz xidmətləri, keçdiyi şərəfli
mübarizə yolu, millilik və bəşərilik dəyərlərini
birləşdirən siyasi ideologiyası daim yaşayacaq.
Ümummilli lider özünün xilaskarlıq və quruculuq
missiyası ilə Azərbaycanın hərtərəfli tərəqqisinə,
beynəlxalq arenada layiqincə təmsil olunmasına, böyük
siyasi nüfuz qazanmasına nail olmuşdur. Rektor, Heydər
Əliyev ideyalarının Azərbaycanda, o cümlədən muxtar
respublikadakı bugünkü uğurlarından bəhs edərək tələbə
gəncləri ulu öndərin siyasi irsini layiqincə öyrənməyə
və yaşatmağa çağırıb.
Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə
elmləri doktoru Məhəmməd Hacıyev “Heydər Əliyev
şəxsiyyəti və milli məsələlər”, Yeni Azərbaycan
Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının
sədr müavini, beynəlxalq münasibətlər kafedrasının
dosenti, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov
“Heydər Əliyev - dahi rəhbər” mövzularında məruzə
ediblər.
Mehriban SULTAN |