Dekabrın 8-də orta ixtisas təhsili müəssisələrinin
fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
Bakı Texniki Kollecində keçirilən müşavirədə
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən orta
ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak
ediblər.
Müşavirədə həyata keçirilən təhsil islahatlarından
irəli gələn tələblər, gənc nəslin formalaşdırılmasında
təhsil müəssisələrinin rolu, müasir dövrdə orta ixtisas
təhsili müəssisələrinin qarşısında duran əsas vəzifələr
müzakirə edilib.
Öncə “Günəşli” yatağında baş vermiş qəza
nəticəsində həlak olan neftçilərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov müşavirə
iştirakçılarını salamlayıb və kolleclərin fəaliyyətinin
keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün müvafiq
tədbirlərin görülməsinin vacib olduğunu nəzərə çatdırıb.
F.Qurbanov tədris müəssisələrinin rəhbərlərinə imtahan
sessiyasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı
tapşırıqlarını verib.
Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində
cəmiyyətdə gedən mövcud proseslər hər zaman nəzərə
alınmalı, tələbələrin dərsdən yayınma hallarına qarşı
müvafiq tədbirlər görülməli, təlim-tərbiyə prosesinin
müasir tələblər səviyyəsində təşkili təmin olunmalıdır.
F.Qurbanov kolleclərin fəaliyyətindəki nöqsanları və
keyfiyyət göstəricilərinin aşağı olmasını da xüsusi qeyd
edib.
Daha sonra müşavirədə orta ixtisas təhsili
müəssisələrinin rəhbərləri çıxış ediblər. |