Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının
ümumdünya partnyoru olan “Coca-Cola” şirkətinin
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil
Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə
tərəfdaşlığı ilə “Olimpiya hərəkatı” adlı yeni idman
proqramı icra ediləcək.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,
proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa
Oyunlarının sosial və idman irsini davam etdirərək
şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və
badminton üzrə keçiriləcək məktəb və şəhər yarışlarına
cəlb etməkdir. Həmçinin şagirdlərə sağlam və fəal həyat
tərzini, Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.
“Olimpiya hərəkatı” proqramı uşaqları müntəzəm şəkildə
fiziki fəaliyyətə cəlb etməklə onların valideynlərinin
də aktivliyinin artırılmasına xidmət edir.
İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilmiş
“Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri
əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının
icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf
qrupu Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil
alan 12-16 yaşlı şagirdlərdir. “Olimpiya hərəkatı”nın
icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən
milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili
yarışlarla başlayan proqram Bakının rayonları üzrə davam
edəcək və gələn ilin əvvəlində “Bakı-2015”in yarış
obyektlərindən birində təşkil olunacaq final və idman
festivalı ilə başa çatacaq.
Proqramın xüsusi hazırlanmış “Facebook”, “Instagram” və
“YouTube” səhifələrində onun icrası, həmçinin
məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi
təşviq ediləcək.
“Olimpiya hərəkatı” və məktəblilərin Bakı birinciliyi
haqqında ətraflı məlumat dekabrın ortalarında Milli
Olimpiya Komitəsinin inzibati binasında təşkil ediləcək
geniş mətbuat konfransında açıqlanacaq. |