Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə
“Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi
başa çatıb. Turnirdə 41 ölkədən 450-dək pəhləvan
mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən
yarışda yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4
bürünc medal qazanıblar.
Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə 59, 66,
71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində
qaliblər müəyyənləşib.
Bütün rəqiblərindən üstün olan Şalva Qadabadze (98 kq)
və Sabah Şəriəti (130 kq) turnirin baş mükafatını
qazanıblar. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71
kq) və Rafiq Hüseynov (80 kq) yalnız final görüşündə
uduzaraq gümüş medalla kifayətlənməli olublar. Bürünc
medalları isə yığmamıza Eldəniz Əzizli (59 kq), Həsən
Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam
Abbasov (85 kq) qazandırıblar.
Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş
və 4 bürünc, qadın güləşçilərimiz isə 1 gümüş medala
sahib olublar.
Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq
turnirinin final mərhələsini güləşçilərimiz ümumilikdə
21 - 5 qızıl, 8 gümüş və 8 bürünc medalla başa vurublar. |