İsmayıllı
rayonundakı Təzəkənd kənd körpələr evi-uşaq bağçasında
“Məktəbəqədər təhsil müəssisələrində məşğələlərin yeni
təlim üsulu ilə təşkili və kurikulum islahatının
tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə rayonun məktəbəqədər təhsil müəssisələrinin
müdir və tərbiyəçiləri, rayon təhsil şöbəsinin metodik
kabinetinin direktoru Hümbət Əsədov və metodisti
Güllübəyim Lətifova iştirak etmişlər. İştirakçılar
bağça ilə tanış olmuş, böyük və orta qruplarda “Sadə
təhlükəsizlik qaydaları” və “Payız” məşğələlərinə baxış
keçirmişlər. Sonra məşğələlər təhlil olunaraq
müzakirələr aparılmışdır. Tərbiyəçilərin fikirləri
dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.
Müzakirələrdən sonra konfransın gündəliyinə daxil olan
“Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-uşaq,
uşaq-uşaq, tərbiyəçi-valideyn, valideyn-uşaq
münasibətləri” və “Uşaqlara vətənpərvərlik hissini necə
aşılayıram” mövzusunda məruzələr dinlənilmiş, maraqlı
fikirlər səslənmişdir. Qarşılıqlı diskussiya şəklində
keçən tədbiri uşaqların maraqlı çıxışları davam
etdirmişdir.
Güllübəyim LƏTİFOVA,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti |