Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Elm xəbərləri

 

Robotlar insanlara məsləhət verəcək 

Tokioda süni intellekt sahəsində ən yeni texnologiyadan istifadə edilərək hazırlanmış, insanın istəklərini sistemləşdirməyi və ona faydalı məsləhət verməyi bacaran “Kibiro” adlı robot təqdim olunub. Çəkisi 800 q, hündürlüyü 28 sm olan robot zahirən insana bənzəyir. “Kibiro” kamera, səsgücləndirici, mikrofon və xarici görünüşü identifikasiya edən qurğu ilə təchiz edilib. Sahibini sifət və səsinə görə tanıyan robot onunla söhbət edərkən faydalı informasiyanı (əsasən sahibinin istəklərini) yaddaşda saxlayır. Bu məlumatlara əsasən, sahibinin xahişi ilə ona restoran, film və s. seçməyə kömək edir. Bundan əlavə, “Kibiro” sahibi ilə elektron poçt və ya sosial şəbəkələr vasitəsilə aktiv yazışma aparır.  2016-cı ildə satışa çıxarılacaq robotun qiymətinin 1000-1200 dollar təşkil edəcəyi ehtimal olunur.


Beynəlxalq sərgi-konfrans keçiriləcək 

2016-cı il yanvarın 27-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda “Nano Tech 2016” adlı nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək. www.expoclub.ru saytının məlumatına görə, sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgiləri ilə birgə keçirilir. 2015-ci ildə tədbiri dünyanın 14 ölkəsindən 47 mindən çox mütəxəssis ziyarət edib. Sərgidə 567 şirkət iştirak edib. 2016-cı ildə isə sərgidə 600 şirkətin təmsil olunacağı gözlənilir.

“Nano  Tech  2016”-da  nanotexnologiyalar,  ixtira  və  innovasiyalar,  elektronika,  informasiya  texnologiyaları,  tibbi  avadanlıqlar,  kosmik texnologiyalar və  s.  təqdim  ediləcək.  Həmçinin  bu  sahələr  üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə  olunacaq.


Gələn ilin mühüm hadisəsi olacaq sərgi 

14-18 mart 2016-cı il tarixlərində Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgilərindən biri “CeBIT 2016” keçiriləcək.  www.expoclub.ru saytının məlumatına görə, sərgi əvvəlki 4 əsas sektordan fərqli olaraq 8 klasterə bölünəcək:

- müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi,

- korporativ kontentin idarə edilməsi,

- veb və mobil həllər,

- İT-xidmətlər,

- təhlükəsizlik,

- kommunikasiyalar və şəbəkələr,

- verilənlərin emalı infrastrukturu və mərkəzləri,

- tədqiqatlar və innovasiyalar.


İsrail alimləri süni qızıl yaradıblar 

İsrailin Texnion Universitetinin tədqiqatçıları tarixdə ilk dəfə laboratoriya şəraitində süni qızıl yaratmağa nail olublar. “Jerusalem Post” qəzetində dərc edilmiş materiala əsasən, süni qızıl professor Boazanın rəhbərliyi altında fəaliyyət göstərən mühəndislik fakültəsinin aspirantı Mariya Koyfman-Kristosof tərəfindən kəşf edilib. Alimlər süni qızılın əldə edilməsi prosesinin təfərrüatlarını “Nature Communications” jurnalında dərc ediblər.

Əldə edilmiş süni qızılın təbii qızılla müqayisədə bir sıra üstünlüklərə malik olduğu bildirilir. Belə ki, süni qızıl yüksək mexaniki möhkəmliyə, yüksək temperatura qarşı dayanıqlığa, həmçinin yüksək elektrik və istilik keçiricilik qabiliyyətinə malikdir.

ictnews.az saytının məlumatına görə, Texnion Universiteti İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. Ötən əsrin 80-ci illərində məhz bu təhsil ocağında optik lif ixtira edilib, kvazikristallar kəşf edilib, həmçinin universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.


Selfi-güzgü təqdim olunub 

Artıq selfi həvəskarları güzgünün köməyi ilə fotoşəkil əldə edə biləcəklər. Amerikanın “Smart Ltd” şirkəti mobil telefon və ya fotoaparatdan istifadə etmədən fotoşəkil çəkməyə imkan verən yeni qurğu hazırlayıb.

Güzgü sensor panel vasitəsilə idarə edilir. Qadjet baş verən hadisəni müşahidə rejimində fiksasiya edərək fotonu sahibin telefonuna göndərən hərəkət datçikləri ilə təchiz edilib. Qurğu vasitəsilə həm də musiqi dinləmək olar. www.vesti.ru saytının məlumatına görə, qadjetin qiyməti onun ölçüsündən asılıdır. Məsələn, 68,5 və 80 sm ölçülü selfi-güzgünün dəyəri 200 ABŞ dolları təşkil edir. Qurğunu şirkətin rəsmi saytından əldə etmək mümkündür.


Mobil cihazların enerji ilə təchizatı Wi-Fi vasitəsilə mümkün olacaq 

Vaşinqton Universitetinin alimləri Wi-Fi-ın köməyi ilə mobil cihazları enerji ilə təchiz etməyə imkan verəcək “Power Over Wi-Fi” texnologiyasını yaradıblar. gazeta.ru  saytı yazır ki, bu texnologiya “Jawbone” fitnes bilərziyini 2,5 saat ərzində 41%-dək enerji ilə təchiz edə bilir. Qeyd edək ki, cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.

Sözügedən texnologiyanın əsas özəlliyi ondadır ki, eyni vaxtda həm cihazı enerji ilə təchiz, həm də Wi-Fi şəbəkəsindən istifadə etmək mümkün olacaq. Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir. 

www.ikt.az saytının materialları əsasında hazırladı:
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov