Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Dərsliklərlə bağlı təlimdən çox razı qaldıq

 

Böyütmək üçün seçinNəzərə alsaq ki, dərslik problemi hətta bütün ailələrdə müzakirə olunan bir məsələdir, onda 13-22 noyabr 2015-ci il tarixdə Xəzər Universitetində Təhsil Nazirliyinin keçirdiyi “Dərsliklərin hazırlanması və qiymətləndirilməsi” təliminin nə qədər aktual  olduğu aydın görünər. Təlim iştirakçısı kimi bəzi fikirlərimi həmkarlarımla bölüşmək istəyirəm.

Müəllim baxımından həmişə şanslı olmuşam. Bakı Dövlət Universitetinin, Moskva Dövlət Universitetinin ən nüfuzlu müəllimlərindən dərs almışam. Xətai rayon 147 nömrəli texniki-humanitar liseyində isə dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadədən öyrənmək nəsibim olub. Sözügedən təlimdə isə mən Türkiyədən gəlmiş Ankara  Qazi Universitetinin müəllimi, dosent doktor Salih Şahinlə tanış oldum. 25 illik bir təcrübəyə malik olan çox  məsuliyyətli, dərin bilik sahibi, öz peşəsini sevən bu insan “İdeal dərsliklər necə olmalıdır?”, “Şagirdlərdə bacarıqların formalaşması üçün hansı üsullar daha çox effekt verir?”,  “Şagirdi təlim prosesinin komponentinə necə çevirmək olar?” kimi məsələləri bizə öyrətməyə çalışdı. Yorulmadan, həvəslə bizimlə məşğul oldu. Nəzərə alsaq ki, təlim gündə 5 saat davam edirdi, bu bizi yormadı, zövq aldıq, təlimin sonunda isə hamımız kədərləndik.

Salih hocadan  “Qiymətləndirmə üçün ekspertdən əsasən nə tələb olunur?” sorğuma - “Vicdan”, deyə  cavab verən bu müəllim təkcə peşəsinin aşiqi deyil, həm də hansı əqidə sahibi olduğunu sübut etdi.

Təlimdə hamımızın ən çox maraqlandığı sahələrdən biri də dərsliklərimizin  Avropa-Türkiyə dərslikləri ilə müqayisəsi oldu. Yeri gəlmişkən,  bu arada Yaponiya dərslikləri ilə də tanış ola bildik. Səmimi olaraq qeyd edim ki, son dövrlər dərsliklərimizdəki irəliləyişlər danılmazdır, amma problemlərimiz də var.

Mən Azərbaycanımla fəxr edirəm və arzulayıram ki, bizim övladlarımız da məhz  belə sadə, rəngarəng, inkişafetdirici  dərsliklərə sahib olsunlar. Düzdür, bu, çətindir, amma mümkündür. Çətinliklərimizi anlayıram, lakin bu təlimdən bəhrələnən müəllimlər  problemlərin öhdəsindən gəlmək iqtidarındadırlar. Mən inanıram ki, biz qarşımıza qoyulan məqsədə - dünyanın ən inkişaf etmiş dövlətlərində istifadə olunan dərsliklər nümunəsində dərsliklər hazırlanmasına nail olacağıq, cünki bu sahədə bizi dəstəkləyən dövlətimiz və öz işini bilən müəllimlərimiz var.

Sonda  bütün təlim iştrakçıları adından layihəni hazırlayan Təhsil Nazirliyinə və Xəzər Universitetinə dərin təşəkkür edirik. Ankara Qazi Universiteti egitim fakültəsinə, Coğrafiya Egitimi rəhbərliyinə Salih hoca  kimi bir insanla tanış olmağımıza şərait yaratdıqlarına  görə  sonsuz  minnətdarlığımızı bildiririk.   

Güntəkin MƏMMƏDOVA,
Bakı şəhər 147 nömrəli texniki-humanitar liseyin tarix müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov