Bakı
şəhər 153 nömrəli tam orta məktəbdə “Qarabağ tarixi”
muzeyinin açılışı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir
müavini Hüseyn Əsgərov, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki Vəli Əliyev, Yasamal Rayon İcra
Hakimiyyəti başçısının müavini Təravət Muradova,
“Yayım” Assosiasiyasının prezidenti Yaşar Zeynalov,
məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Sonra Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində
gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Məktəbin direktoru Təranə Paşayeva çıxış edərək
rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən danışıb.
Muzeyin yaradılmasının əsas məqsədinin şagirdlər
arasında mədəni irsimizi, Qarabağın mədəniyyətini və
tarixini təbliğ etməkdən ibarət olduğunu bildirib.
Tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxış
edərək bu cür muzeylərin digər məktəblərdə də
açılmasını, o cümlədən Qarabağa aid kitablardan ibarət
kitabxanaların yaradılmasını tövsiyə edib.
Tədbirin aparıcıları Qarabağ mədəni irsinin qorunması və
dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun
fəaliyyətindən danışıblar. Onlar müstəqil Azərbaycanın
qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycanın
çiçəklənməsi və daha da qüdrətli ölkə kimi tanınması
üçün gördüyü işlərdən də söz açıblar.
Tədbirdə şagirdlərin Qarabağ tarixinə dair çıxışları və
vətənpərvərlik mövzusundakı şeirləri diqqəti daha çox
cəlb edib. Onların ifasında Səməd Vurğunun “Vaqif”
dramından bir parça da səhnələşdirilib. Sonra
kinorejissor Vahid Mustafayevin “Xoca” filmindən, Milli
Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından bəhs
edən videoçarxlar nümayiş olunub.
Çıxış edənlər “Qarabağ tarixi” muzeyinin yaradılmasına
və tədbirin yüksək səviyyədə təşkilinə görə məktəbin
tarix müəllimi Sevil Nağıyevaya, tərbiyə işləri üzrə
direktor müavini Mətanət Cəfərovaya, Azərbaycan dili və
ədəbiyyat müəllimi Afayət Abdullayevaya və uşaq
birliyinin rəhbəri Aynurə Qurbanovaya təşəkkürlərini
bildiriblər. Şagirdlərin çıxışlarını yüksək
qiymətləndirən qonaqlar onlara qədim tariximizi daha
dərindən öyrənməyi və həmişə Vətənimizə layiqli vətəndaş
olmağı arzulayıblar.
Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi” |