Azərbaycan Texniki Universiteti (AzTU) və
Almaniyanın Brandenburq Texniki Universiteti məzunlarına
ikili diplomlar verəcəklər.
AzTU-nun maşınqayırma və texnoloji maşınlar
fakültələri nümayəndələrinin Almaniyanın Brandenburq
Texniki Universitetindən olan həmkarları ilə görüşündə
bu barədə qərar qəbul edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, hər iki
ali məktəb “Şərq əməkdaşlığı” proqramı çərçivəsində
bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bir neçə
ildir ki, birgə tədbirlər keçirirlər.
AzTU-nun maşınqayırma və texnoloji maşınlar
fakültələrinin dekanları Ərəstun Məmmədov və Fariz
Əmirov bu günlərdə Almaniyanın Brandenburq Texniki
Universitetində işgüzar səfərdə olub və orada “Mühəndis
elmləri günü” ilə bağlı beynəlxalq elmi-texniki
konfransda məruzə ilə çıxış ediblər. Konfransda Almaniya,
Çexiya, Polşa və Rusiya Federasiyasının müxtəlif
universitetlərindən nümayəndələr də iştirak ediblər.
Səfər zamanı AzTU ilə Brandenburq Texniki
Universiteti arasında əməkdaşlığın inkişaf
perspektivləri və müştərək tədbirlər proqramı müzakirə
olunub. İkili diplom verilməsi ilə nəticələnəcək birgə
bakalavr və magistr hazırlığı üçün tədris planının
işlənməsi qərara alınıb. Əldə edilən razılığa görə
müəllim və tələbələrin mübadiləsini genişləndirmək,
elmi-texniki konfransların, elmi, tədris-metodik
seminarların və yay məktəblərinin keçirilməsini
intensivləşdirmək nəzərdə tutulur. |