Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun “Ev
kitabxanası” layihəsi çərçivəsində bu günə qədər səkkiz
müəllifin kitabları alınıb.
Əsasən müasir yazarların elmi və ədəbi kitablarının Fond
tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi
ilə həyata keçirilən layihə ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanıb. Ədəbiyyatın cəmiyyətin inkişafında
böyük rol oynadığını nəzərə alıb, kitabdan bir qədər
uzaq düşən gənc nəslin maariflənməsinə xidmət edən “Ev
kitabxanası”na Qan Turalının “9 hekayə”, Aydın
Talıbzadənin “Əbuhübb”, Nəriman Əbdülrəhmanlının “Qurban”,
Kənan Hacının “Yaddaş kartı”, Ömər Xəyyamın “Sayrışan
hallar”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”,
Alikin “Günəş qalib gəldi”, İkinci Mahmudun “Ümid arısı”
kitabları daxil olub.
Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi
Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam,
Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi
olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən
nəşr olunub. “Ev kitabxanası” Yaradıcılıq Fondu ilə sıx
əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi
kitabların alınaraq oxuculara paylanacağı nəzərdə
tutulur.
C.Musaoğlunun sözlərinə görə, “Ev kitabxanası”na daxil
olan əvvəlki kitablar artıq müxtəlif bölgələrdə yaşayan
oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv
inkişaf və layihələrin monitorinqi qrupu sorğular
vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini
müəyyənləşdirib. Məlum olub ki, oxucular onlara hədiyyə
olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti
həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər.
Əslində layihənin məqsədlərindən biri də şagird və
tələbənin şəxsi kitabxanasının olmasına dəstək
verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya
uğurla davam edir.
Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, hansı
kitabların alınmasını seçən komissiya həmin nəşrlərin
hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra
“Ev kitabxanası”na daxil olan növbəti dörd müəllifin
kitabları oxuculara çatdırılacaq. |