Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik
zirvəsinə gedən yolun mahir bələdçisi müəllimdir.
Dünyada elə bir dahi tapılmaz ki, onun yoluna nur səpən
müəllim olmasın, o, dahi müəllimdən dərs almasın.
Aqillərimiz deyiblər ki, bağ bağbansız, bəşər övladı
müəllimsiz keçinə bilməz! Müstəqil dövlətimizin
tərəqqisi üçün inkişaf etmiş qabaqcıl ölkələrin
ziyalıları səviyyəsində dura biləcək, sağlam düşüncəli
vətəndaşlar yetişdirmək, tərbiyə etmək, onları həyata
hazırlamaq həmişə olduğu kimi, bu gün də müəllimin
qarşısında duran başlıca vəzifələrdən biridir.
Hazırda dünyada gedən qloballaşma prosesi
respublikamızın ictimai-siyasi həyatına təsir göstərdiyi
kimi təhsil islahatlarında da özünü qabarıq şəkildə
göstərir.
Təhsilin humanistləşdirilməsi,
demokratikləşdirilməsi, beynəlxalq standartlara cavab
verməsi, milli-mənəvi dəyərlərin çağdaş dünyaya
inteqrasiyası bu gün hər bir təhsil işçisini dərindən
düşündürməli, onu yeni texnologiyalardan bacarıqla
istifadə etməyə yönəltməlidir. Bu vəzifənin icrası
müəllimin üzərinə düşür. Dərin və hərtərəfli biliyə,
bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə,
məsuliyyət hissinə, mütərəqqi dünya görüşünə malik olan
və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət
formalaşdırmaq, soykökünə, Azərbaycan xalqının azadlıq
və demokratiya ənənələrinə sadiq qalan, xalqın milli
əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən
yiyələnən, onları göz bəbəyi kimi qoruyan, Vətənini,
torpağını, millətini, dilini, dinini sevən, onu həmişə
ucaltmağa çalışan, dövlətinə, dövlətçiliyinə sadiq olan,
sağlam yurddaşlar yetişdirmək müəllimlərin arzusudur.
Bəşəriyyətin ən görkəmli dahiləri müəllimin
fəaliyyətinə, onun cəmiyyətin inkişafındakı roluna
tərəddüd etmədən həmişə yüksək qiymət vermişlər.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev
demişdir:
“Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri belə hesab
edirlər ki, hər adam müəllim ola bilər. Əslində bu belə
deyil. Müəllimliyə gedən adamın zəngin biliyi, dərin,
saf vətəndaşlıq vicdanı, sənətkarlıq məharəti olmalıdır.
Müəllim bütün xalqın hörmət və etimadını qazanmışdır.
Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların
təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar
edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qiymətli
nəyi varsa, hamısını şagirdlərinə, xalqına bəxş edir.
Mən dünyada müəllimdən şərəfli ad tanımıram. Hər kəs öz
tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin
insanın həyatında nə kimi rolu olduğunu bilir və onu
qiymətləndirir. Mən isə bütün varlığımla, keçdiyim həyat
yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir
zərrəciyi var”. Bununla bərabər, xalq müəllimin
qarşısında yüksək tələblər qoymaqda haqlıdır. insana
daim təsir göstərən müsbət və mənfi amilləri
formalaşdıran ailə, məktəb və ictimaiyyətdir. Burada
məqsədyönlülük vahid istiqamətə yönələn təsirlərin cəmi
həlledici rol oynayır. Güc, enerji, məqsəd və təsir
birliyi bizi son məqsədə-təhsil islahatlarını dönmədən
həyata keçirməyə imkan verir. Bundan ötrü
respublikamızda hər cür imkan və şərait, əvəzi olmayan
zəngin həyat təcrübəsi var. Bu gün bütün pedaqoji
kollektivlərin qarşısında duran əsas vəzifə mövcud
imkanlardan maksimum və yaradıcı istifadə etməkdən
ibarətdir.
Müəllim sinifdə çevik, gözüaçıq, hər bir şagirdə qarşı
diqqətli olmalıdır.
Müəllimin savadı, dünyagörüşü, həyat hadisələrindən baş
çıxarması, dözümü, təşkilatçılıq bacarığı olmasa onun
dərsi həmişə maraqsız və cansıxıcı olacaq. Ulu Zərdüşt
demişdir:
“Pis müəllim şüuru korlayır, ağılın inkişafını ləngidir,
təlim-tərbiyəni fəsada çevirir”.
Bu gün ölkəmizdə təhsil islahatı uğurla həyata keçirilir,
bütün sahələrdə yeniləşmə gedir. Əlbəttə, bu yenilik,
yeni üsul, yeni təlim təhsil sahəsində də özünü
göstərir. Köhnə, maraqsız, ənənəvi metodlardan
uzaqlaşmaq lazımdır. Yeni təlim həyatın tələbidir.
İnteraktiv təlim şagirdlərin bir-biri ilə əməkdaşlıq
etməsinə, bir-birini hörmətlə dinləməsinə şərait
yaradır.
Mən istərdim ki, müəllimlik peşəsini ucuzlaşdırmamaq
üçün müəyyən qabiliyyət imtahanları tətbiq edilsin, bu
peşəni seçənlərin bilik səviyyəsi, dözümü, təşkilatçılıq
bacarığı, həvəsi nəzərə alınsın. Axı gələcəyimiz
müəllimin intellektual səviyyəsindən, savadından,
dünyagörüşündən, həyat hadisələrindən baş çıxarmasından
asılıdır.
Bu gün Təhsil Nazirliyinin atdığı cəsarətli addımı
alqışlayıram. Müəllimlərin imtahan verməsi ilə
təhsilimizdə bir saflaşma, bir paklaşma yaranacaq.
Savadsız, öz üzərində çalışmayan, köhnəlikdən əl
çəkməyən, yeniliklə barışmayan müəllimlərdən xalqın canı
qurtaracaq.
Bu gün təhsil işçilərinə dövlət qayğısı göz
qabağındadır. Mənim yaşadığım və işlədiyim Sumqayıt
şəhərində təhsilə yönəldilən məqsədyönlü işlər dövlət
qayğısının bariz nümunəsidir. Bütün məktəblərin dam
örtüklərinin əsaslı təmiri, bir sıra məktəblərdə
qazanxanaların tikilməsi, istilik sistemlərinin yenidən
qurulması böyük irəliləyişdən xəbər verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Uşaqlar
yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı
məktəblərdə işləməlidirlər” fikri bu gün artıq reallığa
çevrilmişdir. Müəllimlərin əməkhaqlarının artırılması,
mükafatlandırılması, fəxri adlarla təltif edilməsi,
onların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük
stimul olmaqla yanaşı, məsuliyyətini də artırır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı
müəllim” müsabiqələri keçirilir. Qalib gələn hər məktəbə
10 min manat, hər müəllimə 5 min manat birdəfəlik pul
mükafatı verilir. Bu da müəllimin ictimaiyyət arasında
nüfuzunu artırır. Sumqayıt şəhərində 19 ümumtəhsil
məktəbi, “Ən yaxşı ümumtəhsil məktəbi”, 36 nəfər “Ən
yaxşı müəllim” müsabiqələrinin qalibi olub. Müstəqillik
dövründə 27 nəfər “Azərbaycan Respublikasının əməkdar
müəllimi” fəxri adına, 27 nəfər “Tərəqqi” medalına, 1
nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Minarə Tahirova, Ofelya Babayeva “Şöhrət” ordeni ilə
təltif olunmuşlar. 2001-2014-cü illərdə ali məktəblərə
qəbul zamanı yüksək bilik nümayiş etdirən Sumqayıt şəhər
məktəblərinin 102 məzunu Prezident təqaüdünə layiq
görülmüşdür.
Azərbaycan müəlliminin şərəfli adını daha da
yüksəltmək, gələcəyimiz olan şagirdlərə dərin bilik
vermək hər bir müəllimin Vətən qarşısında, xalq
qarşısında mənəvi borcudur.
Əvəz Mahmud Lələdağ,
Sumqayıt Dövlət Universitetinin Pedaqoji təcrübənin
rəhbəri |