Ölkəmizin iqtisadi və siyasi sferasındakı uğurları onun
dünya dövlətləri arasında xüsusi çəkisini və mühüm
strateji əhəmiyyətini artırmaqdadır. Dünyada olan 206
ölkədən inkişaf etmiş 20 ölkənin builki toplantısına
Azərbaycanın da dəvət edilməsi, bir daha ölkəmizin
strateji əhəmiyyətini göstərməkdədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
aparılan səmərəli sosial-iqtisadi siyasət nəticəsində
ölkədə yüksək iqtisadi inkişaf təmin edilmiş, əhalinin
maddi rifah halı yaxşılaşmış, yoxsulluq səviyyəsi
minimuma enmişdir. Ölkəmizdə həyata keçirilən
institusional islahatlar, irimiqyaslı infrastruktur
layihələri Azərbaycanın dünyada nüfuzunu artırmış, onu
regionda lider ölkəyə çevirmiş və davamlı inkişaf üçün
əlverişli şərait yaratmışdır.
Təbii ki, ölkənin inkişafı onun geostrateji yerləşimi və
təbii resursları ilə birbaşa bağlıdır. Bu gün inkişaf
etmiş ölkələrin gücü onların istər iqtisadi-siyasi,
istərsə də sosial-mədəni inkişafına təkan verən insan
resursu ilə bağlıdır. Ona görə də cənab Prezidentin:
“Biz neft kapitalını insan kapitalına çevirməliyik”
şüarı insan resurslarının inkişafının bir daha
vacibliyini və əhəmiyyətini göstərməkdədir.
İntellektual və bacarıqlı insan resursunun inkişafı isə
birbaşa təhsillə bağlıdır. Təhsil prosesinin düzgün
təşkili zamanı insan yeni bilik və bacarıq əldə edir və
iqtisadiyyatın məhsuldar qüvvəsinə çevrilir. Təhsil
sisteminin əsas vəzifəsi ölkənin modernləşməsi üçün
zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla
Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini
yüksəltməkdən ibarətdir.
Tədqiqatlar göstərir ki, təhsilə əsaslanan insan
kapitalı ölkə üçün ən qiymətli resurs olub təbii
sərvətlər və maliyyə resurslarından daha əhəmiyyətlidir.
İqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini təmin
edən insan kapitalının formalaşdırılması, təhsil
sisteminin, o cümlədən bu sistemin lokomotivi rolunu
oynayan ali təhsilin əsaslı şəkildə modernləşməsini
tələb edir. Hazırda ali təhsilin təkmilləşdirilməsi işi
struktur bölmələrinin müasir əmək bazarı şərtlərinə
uyğunlaşdırılması və iş dünyasının tələblərinə cavab
verə biləcək kadr hazırlığının təmin edilməsində mühüm
əhəmiyyət kəsb edir. Ali təhsilli məzunların əmək
bazarının istək və ehtiyaclarına uyğun hazırlanması,
yüksək ixtisaslı kadr hazırlığını həyata keçirmək və
gələcəkdə işsizlik problemi ilə qaşılaşmamaq üçün ali
təhsil müəssisələrinin dünya praktikasından nümunələr
götürməsini zəruri etmişdir. Bir çox nüfuzlu dünya
universitetləri və ali təhsil orqanları məzunlarının
əmək bazarı şəraitinə uyğunlaşdırılması istiqamətində
xüsusi struktur bölmələr açmışdır.
Məsələn, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun
nəzdində 2005-ci ildən etibarən Karyera Mərkəzi
yaradılmışdır. Bu mərkəz beynəlxalq profil üzrə
hazırlanan mütəxəssislərə və məzunlara həm ölkə
daxilində, həm də beynəlxalq əmək bazarında işə
düzəlmələrinə kompleks şəkildə kömək edilməsinə
yönəldilmişdir. Mərkəzdə əmək bazarının monitorinqi
həyata keçirilir, tələbə və məzunların işə düzəlmələri
məqsədilə əmək bazarının vəziyyəti qiymətləndirilir və
burada olan tendensiyalar haqqında məlumatlandırmalar
edilir. Eyni zamanda əmək və məşğulluq orqanları ilə
vakansiyalar haqqında məlumat və xülasələrin mübadiləsi
aparılır, maliyyə, sənaye, xidmət və sosial sahələrdə
işləyən təşkilatlarla kadrların hazırlanması və
təcrübənin keçirilməsinə dair müqavilələrin bağlanması
və s. işlər həyata keçirilir. Karyera Mərkəzinin
müraciət etdiyi və birlikdə çalışdığı işəgötürənlər və
kompaniyalar arasında Rusiyanın nazirlik və idarələri, o
cümlədən məşhur ölkə və beynəlxalq kompaniyalar vardır.
Avropanın ən tanınmış ali məktəblərindən biri olan
Liverpul Universiteti də öz tələbə və məzunlarının işlə
təmin olunmasında, əmək bazarında bilik və bacarıqlarına
uyğun iş tapmalarında maraqlıdır. Liverpul Universiteti
Böyük Britaniyanın ən qədim təhsil ocaqlarından biridir.
Bu universitetin Karyera və məşğulluq xidməti
tələbələrinin əmək bazarında üstünlük qazana bilmələri
üçün ekspert məsləhətləri və məlumatlar verirlər. Onun
məzunlarına işəgötürənlər tərəfindən daima tələb vardır.
Böyük Britaniyanın aparıcı kompaniyaları tələbələr
sırasından seçim etmək üçün məhz bu ali məktəbə üz
tuturlar. Bu mərkəzin fəaliyyətinə nəzər saldıqda
görürük ki, ümumi karyera saytı və Böyük Britaniyada
karyera qurmaq məqsədilə ən böyük yaşayış rayonunda iş
yerlərini göstərən xəritə hazırlanaraq tələbə və
məzunların ixtiyarına verilib. Bununla yanaşı,
universitetdə əcnəbi tələbələrin karyera qurması üzrə
məsləhətlər verilir, yerli, regional və dövlət
tərəfindən işəgötürənlərlə münasibətlər qurmağa imkan
verən unikal təcrübə proqramı həyata keçirilir. Buranın
məzunu ölkə daxilində, hətta xaricdə həm tam iş günü,
həm də yarım iş günü müddəti üçün nəzərdə tutulan
vakansiyaların geniş seçimi imkanı əldə edir.
Karyera mərkəzləri təcrübəsi qonşu Türkiyədə də
geniş yayılmışdır. Burada yerləşən bir çox özəl və
dövlət ali təhsil müəssisələrində məzunların əmək
bazarına hazırlanması istiqamətində Karyera Mərkəzi
qurulmuşdur. Məsələn, Türkiyənin ən nüfuzlu ali təhsil
ocaqlarından olan Sabançı Universitetində məzun ofisi
adlı struktur bölmə vardır. Bu bölmənin əsas fəaliyyəti
buradan məzun olan gəncləri əmək bazarı ilə yaxından
tanış etmək və iş dünyası ilə universitet arasında sıx
əlaqələr quraraq məzunların işlə təminatına köməklik
göstərməkdir. Bir başqa nümunəni isə Boğaziçi
Universitetindən göstərmək olar. Burada fəaliyyət
göstərən Karyera Mərkəzi mütəmadi olaraq əmək bazarında
baş verən dəyişiklikləri izləyərək məzunların karyera
planlanmasını bu istiqamətdə formalaşdırır. Əgər bu gün
əmək bazarının tələbi dəyişirsə, bu universitetin
məzunları Karyera Mərkəzi tərəfindən lazımi istiqamətdə
inkişaf etdirilir.
Türkiyənin ən böyük və məzunlarının əksəriyyətinin
yerli və xarici şirkətlərdə işləyən Fatih
Universitetində Karyera Mərkəzi 1996-cı ildən etibarən
fəaliyyət göstərir. Burada məzun olacaq tələbələrin
fərdi karyera planları qurulur. Daha sonra bu plan
əsasında məzunun gələcək karyera strategiyası müəyyən
olunur. Buna görə də universitetin məzunları birinci
ildən etibarən ixtisası üzrə işlə təmin olunurlar.
Təbii ki, yuxarıda qeyd olunan nümunələr
araşdırılıb ölkəmizin ali təhsil sisteminə tətbiq oluna
bilər. Bu struktur bölmələrinin fəaliyyəti insan
resurslarının inkişafına təkan verməklə yanaşı, ümumən
sosial həyatın yaxşılaşmasında da mühüm rol
oynayacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycanda
fəaliyyət göstərən bir neçə nüfuzlu universitetdə bu
struktur bölmələri qurulmuşdur və onların fəaliyyəti
yüksək qiymətləndirilməlidir. Lakin ümumilikdə bütün
universitetlərdə Karyera Planlama mərkəzlərinin
fəaliyyəti təhsil alan və məzun olmuş gənclərin
məşğulluq probleminin həlli istiqamətində mühüm rol
oynaya bilər. Bu da əmək bazarının istəklərinin nəzərə
alınması və ali təhsil zamanı ixtisaslaşmanın optimal
planlaşdırılması ilə yanaşı bir sıra ali məktəblərdə
təhsilin keyfiyyətinin yüksəldilməsinə təkan verər.
Vüsal RZAYEV,
Qafqaz Universiteti Abituriyent Mərkəzinin müdiri |