4-6 dekabr 2015-ci il tarixlərində Masallı və
Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində
çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi
keçiriləcək.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin
bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi,
onların dərs yükü normasını və əməkhaqqını artırmaqla
maddi rifahının yaxşılaşdırılması, eləcə də
qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü
təlimlərə cəlb edilməsidir.
Masallı Olimpiya İdman Kompleksində keçiriləcək
diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə
daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri
kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər,
müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki
hazırlıq rəhbərləri iştirak edəcəklər.
Artıq imtahanlara hazırlıq işləri yekunlaşdırılıb.
Masallı və Cəlilabad rayonlarının ümumi təhsil
müəssisələrinin imtahanlarda iştirak edəcək
müəllimlərinin imtahana dəvət olunduqları vaxt və məkan
haqqında məlumatlar onlara çatdırılmaq üçün yerli
təhsili idarəetmə orqanına təqdim edilib. Müəllimlər,
həmçinin Təhsil Nazirliyinin müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə
əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az)
şəxsi səhifələrinə daxil olaraq imtahana dəvət
olunduqları vaxt və məkan barədə məlumat ala bilərlər.
Diaqnostik qiymətləndirmədə Masallı rayonu üzrə
ümumi təhsil müəssisələrində çalışan 2500-ə, Cəlilabad
rayonu üzrə 2600-ə yaxın müəllimin iştirakı nəzərdə
tutulur.
Qeyd edək ki, müəllimlər imtahanlar başa çatdıqdan
sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış
ola biləcəklər. |