700
bal toplayan tələbə Firuz Abduyev ilə söhbət
Firuz Abduyev 1998-ci ildə Bakı şəhərində anadan olub.
2015-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyini
bitirib. Hazırda Qafqaz Universitetinin kompüter
mühəndisliyi fakültəsinin tələbəsidir.
- Firuz, orta məktəb illərində dərslərini
hazırlayarkən evdə sənə kömək edən olurdumu?
- Bəli. Valideynlərimin mənə böyük dəstəyi olub. Atam
fizika müəllimidir. IX-X siniflərdə o, mənimlə çox
ciddi məşğul olub. Amma XI sinifdə məktəbdə kompleks
şəkildə hazırlaşdığıma görə atam mənimlə o qədər də
məşğul ola bilmirdi. Əslində buna ehtiyac da yox idi.
İmtahanlar yaxınlaşanda isə yenidən birlikdə məşğul
olurduq. Çox səylə hazırlaşdığım üçün zəhmətim hədər
getmədi.
- İxtisas seçərkən çətinlik çəkmədin ki?
- Əsla yox. Düzdür, XI sinfə qədər bir neçə dəfə öz
seçimimi dəyişmişəm. XI sinifdə isə qəti qərar verdim ki,
bu ixtisası seçim. Kompüter mühəndisliyi ixtisası mənim
ən çox sevdiyim və həvəsim olan sahədir. Müasir kompüter
texnologiyalarına yaxşı yiyələnmək o deməkdir ki, sən
dünyanın hər bir nöqtəsində işlə təmin oluna bilərsən.
Təki gözəl mütəxəssis olasan.
- Yaxşı mütəxəssis olmaq üçün savad vacibdir, bacarıq,
yoxsa fitri istedad?
- Hər üçü vacibdir və onlar bir-biri ilə zəncirvari
şəkildə bağlıdır. Bunlara nail olmaq üçünsə çoxlu oxumaq,
dərin elmi biliklərə yiyələnmək vacibdir. Bu sahədə
fitri istedada malik olmaq isə gələcəkdə ixtiraçı
alimlik dərəcəsi almağa zəmin yarada bilər. Çünki bu
sahədə fitri istedadı elmi nailiyyət kimi qəbul etmək
olar.
- Ümumiyyətlə, texniki sahəyə marağın nə vaxtdan
yaranıb?
- Uşaq vaxtından fizika fənninə böyük maraq
göstərmişəm. Riyaziyyat bütün elmlərin açarı olduğu kimi,
fizika elmi də mühəndisliyin açarıdır. Bütün fənləri
yaxşı oxumağımla yanaşı fizika fənni üzrə keçirilən
bilik yarışmaşında iştirak etmişəm və həmişə də uğur
qazanmışam. XI sinifdən isə ancaq I qrup üzrə
hazırlaşıb, nəticədə 700 bal toplamağa müvəffəq olmuşam.
- Sənin üçün həftənin hansı günləri önəmlidir?
- (Bir az gülümsünərək). İstirahət günlərini
həmişə səbirsizliklə gözləyirəm. Dostlarım da mənim kimi
düşünürlər. Çünki həftənin qalan günləri həddindən
artıq gərgin olur.
- Deyirlər ki, dost çətin gündə sınanır. Çətin və
kədərli günlərin olubmu?
- Adını söyləmək istəmədiyim bir sinif yoldaşımın yüksək
bal toplaya bilmədiyinə görə çox heyfsiləndim. Çünki o
da mənim kimi çox ciddi hazırlaşırdı, amma... O ki
qaldı çətin günə, onu hələ şükürlər olsun
yaşamamışam. Məncə insan ən çətin problemini belə özü
həll etməyə çalışmalıdır. Başqasına yük olmağı qətiyyən
xoşlamıram.
- Uğur sözünü tez-tez işlədirik, uğur sənin üçün
nədir?
- Uğura gedən yolda məqsəd aydın olmalıdır. Onda onu
həyata keçirmək də asan olar. Çalışqan olmaq lazımdır ki,
uğur qazanasan. İnsan özünə güvənməlidir. O, yalnız
özünü gördüyü sahədə uğur qazana bilər. Yüksək nəticə
toplayıb Qafqaz Universitetinə qəbul olmuşamsa, bu mənim
uğurumdur.
- Sinif yoldaşlarından ali məktəblərə qəbul olanlar
varmı?
- Bəli, demək olar ki, hamısı müxtəlif ali məktəblərə
qəbul olunublar. Mənimlə bir sinifdə təhsil alan Nərmin
Əliyeva və Teymur İsmixanov 700 bal toplayaraq “ADA”
Universitetinə qəbul olunublar.
- İdmanla məşğul olursanmı?
- Xeyr, olmuram. Düzü, buna heç vaxt da ayıra bilmirəm.
Yəqin ki, gələcəkdə məşğul olacağam, çünki idman
sağlamlığın rəhnidir.
- Hobbin nədir?
- Boş vaxtım olanda bədii ədəbiyyat oxuyuram. Musiqi
dinləməyi də çox xoşlayıram. Klassik musiqiləri,
muğamları çox sevirəm.
- Elə dərs olubmu ki, onu sadəcə yola vermisən?
- Əlbəttə olub. Belə hallar daha çox məktəb illərində
olurdu. İndi də universitetdə hərdən verilən tapşırığı
eləmədiyim vaxtlar olur. Bu, müəyyən mənada
əhvali-ruhiyyə ilə bağlıdır. İnsanın əhvalı yaxşı
olmayanda, ümumiyyətlə, süstləşir, əlini ağdan- qaraya
vurmaq istəmir.
- Tələbə dərnəklərinin üzvüsənmi?
- Qafqaz fizika klubunun üzvüyəm. İclaslara və
seminarlara gedirəm. Bu, olduqca vacibdir. Ümumiyyətlə,
kollektiv arasında olmaq insanı düzgün formalaşmağa
yönəldir.
- Qrupunuzda xarici tələbə varmı, onlarla ünsiyyət
qura bilirsənmi?
- Xeyr, yoxdur. Amma ingilis dili kursuna gedirəm.
Çalışıram ki, ingilis dilini mükəmməl öyrənim.
- Universitetinizin mədəni həyatı özünəməxsusluğu ilə
seçilir, müxtəlif sahələr üzrə yeni istedadların
yetişməsi üçün işgüzar şərait yaradılıb.
- Bizim universitetdə tələbələrin hərtərəfli
yetişməsinə xüsusi diqqət yetirilir. İncəsənətin
müxtəlif sahələri üzrə istedadların yetişməsi üçün
münbit şərait yaradılıb. Müasir dövrümüzdə
mənəvi-əxlaqi normaların bütün səviyyələrdə qorunması
burada təmin olunur. Tələbələr tərəfindən əyləncə və
bayram proqramları, xatirə və yaradıcılıq gecələri
təşkil olunur, yüksək bacarıq və qabiliyyət nümayiş
etdirilir. Arabir mən də belə tədbirlərdə iştirak
edirəm.
- Təhsilini xarici ölkədə davam etdirmək istərdinmi?
- Bu, tək mənim yox, hər bir tələbənin arzusudur. Hər
kəs kimi mənim də arzum xarici ölkələrin birində
təhsilimi davam etdirməkdir.
- Prezident təqaüdçüsü Firuz üçün karyeranın zirvəsi
haradadır?
- Hər kəs çalışdığı sahənin mahir bilicisi olmalıdır.
Belə olarsa işinə də yüksək qiymət verilər və karyeran
da pillə-pillə öz yerini dəyişər. İnsanlıqdan yüksək
vəzifə ola bilməz. Mən həmişə o zirvəni fəth etməyə
çalışacağam.
Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi” |