Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Sağlamlıq imkanları məhdud olan şəxslər ali təhsil ala bilirlərmi?

 

Məlumdur ki, son illər dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslərə xüsusi diqqət və qayğı göstərilir. Onların sosial rifahının yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası, yüksək səviyyədə təhsil alması istiqamətində mühüm addımlar atılır. Görülən işlərin nəticəsidir ki, sağlamlıq imkanları məhdud olan şəxslərin ümumi orta təhsilə cəlb olunmasında da ciddi irəliləyiş müşahidə olunur. Lakin məsələnin digər tərəfi isə həmin şəxslərin təhsillərinin növbəti mərhələsi, yəni ali təhsillə bağlıdır. Nəzərə çatdıraq ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir.  Bütün bunları nəzərə alaraq budəfəki araşdırmalarımızı sağlamlıq imkanları məhdud olanların ali təhsil problemlərinə həsr etməyi qərara aldıq. Araşdırmalarımız göstərdi ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, hazırda ölkə ərazisində 62860 nəfər sağlamlıq imkanları məhdud uşaq var. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri xüsusi məktəblərdə, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşdur. Bəs görəsən, bu müəssisələrin məzunları növbəti pillələrdə də  təhsillərini davam etdirə bilirlərmi? Öyrəndik ki, təkcə 5 nömrəli internat məktəbin son beş ildəki məzunlarından 39 nəfəri, 3 nömrəli internat məktəbindən isə 22 nəfəri ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Düşündük ki, bəs görəsən sağlamlıq imkanları məhdud olan şəxslər necə ali təhsil alırlar? Onların təhsil almaları üçün şərait mövcuddurmu? Bu məqsədlə Sağlamlıq imkanları məhdud  uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbini bitirən, hazırda ali təhsil alan gözdən əlil iki gənclə söhbətləşdik.


“İnternat məktəbdə oxuyarkən qarşıma məqsəd qoymuşdum ki, ali məktəbə daxil olacağam” 

Şəbnəm MƏMMƏDOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin III kurs tələbəsi, gözdən əlil 

İsmayıllı rayonunda anadan olmuşam. 2001-ci ildə valideynlərim məni Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbə gətiriblər. İnternat məktəbdə 12 il təhsil aldım. Burada brayıl əlifbasını öyrəndik. Həmin əlifba sayəsində çoxlu biliklərə yiyələndim. İnternat məktəbdə oxuyarkən qarşıma məqsəd qoymuşdum ki, ali məktəbə daxil olacağam. Arzum müəllim olmaq idi. Bu məqsədlə də  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etdim. Tamamilə görmədiyim üçün qəbul imtahanı verən zaman TQDK tərəfindən təyin olunmuş bir şəxs sualları mənə oxuyurdu. Mən test cavablarını verirdim və həmin şəxs onları işarələyirdi. Nəhayət, cavablar bəlli oldu və mənə 415 bal topladığımı bildirdilər. Mən seçimimi etdim və müəllim olmaq arzuma çatmaq üçün filologiya fakültəsinin tələbəsi oldum. Bu mənim həyatımın ən sevincli günü idi.

Ali məktəbə qəbul olduğum ilk günlərdə müəyyən çətinliklərlə üzləşdim. İlk vaxtlar mühit məni bir o qədər də tez qəbul etmədi. Bu baxımdan, psixoloji cəhətdən sıxılırdım. Məsələn, yoldaşlarım, müəllimlərim bizi bir o qədər də başa düşmürdülər. Elə bilirdilər ki, mən hər hansı bir stuldan qalxıb başqasına keçəndə yıxıla bilərəm. Axı biz adi hallarda özümüzü idarə edə bilirik. Universitetə gəlib-getməkdə çox çətinliyim var idi. Valideynlərim tərəfindən xüsusi tutulmuş sürücü məni aparıb gətirirdi. Lakin zaman keçdikcə mühitə, müəllimlərə və tələbə yoldaşlarıma uyğunlaşdım. Onlar mənim nəyi özüm edə biləcəyimi, nəyə isə ehtiyacım olduğumu artıq yaxşı başa düşürdülər. Hazırda məni dərsə sürücü  aparıb-gətirmir. Qrup yoldaşlarımın köməyi sayəsində universitetə  gəlib-gedirəm.

Bilirsiz ki, biz ancaq brayıl əlifbası ilə yazıb oxuyuruq. Bununla bağlı ali məktəbdə tədris vəsaitləri yoxdur. Düşünürəm ki, bunu ərsəyə gətirmək də mümkün deyil. Çünki bu əlifba normal əlifbadan çox yer tutur. Məsələn, normal əlifbanın 100 vərəqlik həcmi brayıl əlifbası ilə təxminən 300-350 vərəq edir.  Mühazirələri daha çox dinləməklə və diktofona köçürməklə əldə edirəm. Mən əsasən dinləməklə qavrayıram.  Çox sağ olsunlar tələbə yoldaşlarım da mənə köməklik göstərirlər.  Seminarlarda isə təbii ki, normal tələbələr kimi mən də cavab verirəm. İmtahanlara gəldikdə isə şifahi götürülür. Bir nəfər mənə sualları oxuyur və mən sualların cavabını tapıram, həmin şəxs onları yazır. Məndən əvvəl ali məktəbimizdə görmə qüsurlu tələbə olduğu üçün artıq dekanlığın bu sahədə müəyyən təcrübəsi var. Buna görə də imtahanlarda bir o qədər də əziyyət çəkmirəm. Müəllimlərdən imtahanlarda mənə heç bir güzəşt etməməyi xahiş etmişəm. Bu mənə çox pis təsir edir. Həmin anda özümü gücsüz hiss edirəm. Nəslimizdə görmə qüsuru olan adam olmayıb. Ailəmizdə demək olar ki, hamı ali təhsillidir. Mən də onlardan geri qalmamaq, cəmiyyətə inteqrasiya olmaq üçün həmişə rəqabət aparmışam. Çalışmışam ki, ali təhsilli olum. Cəmiyyətə, mənim kimi gözdən əlil uşaqlara təhsil verməkdə yardımçı olum. Hazırda magistraturaya hazırlaşmağı planlaşdırıram. Ədəbiyyata xüsusi həvəsim olduğu üçün bu sahədə yaxşı mütəxəssis olmağı qarşıma məqsəd qoymuşam.


“Qeydlərimizi internat məktəbində öyrəndiyimiz brayıl əlifbası ilə aparırıq”

Ülvi MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin tarix fakültəsinin III kurs tələbəsi, gözdən əlil

Mən də orta təhsilimi 5 nömrəli Respublika xüsusi internat məktəbində almışam. Həmin ilin məzunları 8 nəfər idik və 7 nəfərimiz ali və orta ixtisas məktəblərinə daxil oldu. Sinfimizdə ali məktəbə daxil olmaq üçün yaxşı mənada rəqabət gedirdi. İnternatda 12 il təhsil aldıqdan sonra mən də sinif yoldaşlarım kimi qəbul imtahanlarında iştirak etdim və 541 balla BDU-nun tarix fakültəsinə daxil oldum.

Universitetə daxil olduğumuz ilk vaxtlarda təhsil almağımızla bağlı müəyyən çətinliklərimiz olsa da, artıq bunun öhdəsindən gəldiyimizi düşünürəm. Bilirsiz, biz gözdən tamamilə əlilik. Bu, bizim qismətimizdir. Lakin çətinliklərin də öhdəsindən gəlməyə artıq vərdiş eləmişik. Həyatla mübarizə aparır, gündəlik tələbə ömrümüzü yaşamağa çalışırıq.

Tədrislə bağlı problemlərimizə gəldikdə isə deyə bilərəm ki, universitetdə biz gözdən əlillər üçün nəzərdə tutulan heç bir vəsait yoxdur. Qeydlərimizi internat məktəbində öyrəndiyimiz brayıl əlifbası ilə aparırıq. Həmin əlifba vasitəsilə sərbəst oxuyub, yaza bilirik. Universitetdə isə bu əlifba ilə yalnız yaza bilirik. Yəni bu əlifbada heç bir dərslik və ya dərs vəsaiti mövcud deyil. Lakin universitetimizdə zəngin elektron dərs vəsaitləri var. Mühazirələr də demək olar ki, elektronlaşdırılıb. Bu ümumi tələbələr üçün nəzərdə tutulub. Biz də elektron kitabları PDF-dən World formasına keçirdirik. Sonra TOLKS və MOBİLS-Piec proqramları vasitəsilə elektron mühazirələri və dərslikləri səsə çeviririk. Bundan başqa, mobil telefonun klaviaturasından istifadə etməklə də müəyyən qeydlər edə bilirik. Bu kimi vasitələrin hesabına verilən tapşırıqları dinləyir, seminarlarda müəllimə cavab veririk. İmtahanları isə bilet üsulu ilə veririk. Belə ki, imtahanda bileti çəkirik və biletdəki 5 sual yazı şəklində bizə təqdim edilir. Bileti çəkəndən sonra bir qrup yoldaşım mənim üçün sualları oxuyur. Mən həmin sualların cavablarını brayıl əlifbası ilə yazır və ya qeydlərimi edirəm. Sonra yazdığımı müəllimə təqdim edirəm. Müəllim mənim yazdığım cavabı aparır yoxlama otağına. Sonra məni çağırır və mən yazdıqlarımı müəllimlər üçün oxuyuram və onlar mənim qiymətimi təyin edirlər. İndiyədək 5 semestr imtahanlarında iştirak etmişəm. Onların 4-də zərbəçi, sonuncu semestrdə isə əlaçı olmuşam. Mənim kimi görməyənlərin gələcəyini elektron kitablarda görürəm. Bu baxımdan, kitabların hər birinin elektron variantının olmasını arzulayıram. Nəzərə çatdırım ki, artıq dünyada bu sistemden geniş istifadə olunur.

BDU-da hazırda mənim kimi 4 tələbə təhsil alır. Mən həmin tələbələrlə sıx əlaqədəyəm. Vaxtaşırı onlarla görüşüb müəyyən problemlərimizi müzakirə edir, həmin problemlərin aradan qaldırılması yollarını düşünürük.

Hazırda Bakıda valideynlərimlə birgə yaşayıram. Universitetə özüm gedib-gəlirəm. Əvvəllər mənə gəlib-getməyə kömək edən şəxs var idi. Lakin indi çalışıram ki, özüm hərəkət edim, şəxsi azadlığım olsun. Bu məqsədlə bir ildir ki, universitetə özüm gəlirəm. Bəlkə də sizə maraqlı gəlir ki, necə edirəm bunu? Deməli, mən Günəşli qəsəbəsində yaşayıram. Ordan valideynlərimin köməyi ilə marşrutla “Xalqlar Dostluğu” metrostansiyasına gəlirəm. Həmin stansiyada metroya minib “Elmlər Akademiyası” metrostansiyasında düşürəm. Burada tələbə yoldaşlarımla görüşüb universitetə gedirəm.  Yolda da mənə kömək edən şəxslər çox olur. Bilirsiz, bizim kimi insanlarda hissiyyat başqalarından fərqli olaraq çox güclü olur. Biz işıqforun nə vaxt qırmızı, nə vaxt yaşıl işığının yandığını hiss edə bilirik. Bunu saniyələrlə hesablayıb nəticə çıxardırıq.

Düşünürəm ki, aktiv həyat yaşayıram. Özümü gücsüz hiss etmirəm. Bilirsiz, insanın məncə qəlb görüntüsü yüksək olmalıdır. Elə insanlar var ki, gözləri normal görür. Lakin onlar həyatı, onun gözəlliyini görmür, hiss etmirlər.

Tarix fənnini çox sevirəm. Arzum universiteti bitirdikdən sonra elmi işçi kimi fəaliyyətimi davam etdirməkdir. Məqsədlərimə çatmaq üçün dayanmadan, yorulmadan çalışıram.    

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov